"Böyük Qayıdış proqramının reallaşması Azərbaycanın uzunmüddətli hesabda dövlət quruculuğunun mühüm hissəsi kimi vacib strateji konsepsiyalarından biridir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.
Onun sözlərinə görə, Azərbaycan dövlətinin işğaldan azad edilən torpaqlarında istər iqtisadi gücünün, istər siyasi birliyinin, istərsə də cəmiyyət quruculuğunun təməlləri formalaşmaqdadır: "Bu proses uzunmüddətli perspektivdə Azərbaycanı dövlət olaraq daha da güclü səviyyələrə çatdıracaq.
Vurgulamaq istəyirəm ki, Azərbaycanın Böyük Qayıdış proqramında beynəlxalq tərəfdaşlarının iştirakı təqdirəlayiqdir. Proqramda iştirak edən xarici maliyyəli şirkətləri təsnifatlandırsaq onları bir neçə qrupa ayıra bilərik.
Birinci qrup Azərbaycanın milli, dini baxışlardan dost və qardaş olan ölkələrə məxsus şirkətlərdir. Onlar məhz bu dəyərlər üzərindən layihədə iştirak edir və tarixi torpaqlarımızda quruculuq prosesində yer almaqla Azərbaycan dövlətinin müqəddəs missiya hesab etdiyi quruculuq prosesində rol almaq istəyirlər.
İkinci qrup Azərbaycanın beynəlxalq platformalarda tərəfdaş olduğu ölkələrdir. Buraya bir sıra Avropa dövlətləri, ABŞ və digər coğrafiyalardan olan tərəfdaşları daxildir. Onlarla ikitərəfli münasibətlərin mövcud vəziyyəti ilə bağlı bu prosesdə fəal iştirak etməyə çalışırlar.
Üçüncü qrup da var ki, onları təsnifatlandırmaq istəməzdim, ancaq onlarda bu prosesə qatılmaqla Azərbaycanın müqqəddəs işində rol alsalar da, arxada izlədikləri ayrı məqsədləri də mövcuddur. Qeyd edim ki, bütün qruplardan olan bu iştirakçılıq fonunda müxtəlif səviyyəli risklər mövcuddur.
Hazırda bu risklər dövlət üçün təcili addımlar atılmalı narahatlıqlar yaratmasa da, uzunmüddətli baxışda narahatlıq doğura biləcək nəticələrə səbəb ola bilər. Bu səbəbdən həmin risklərə qarşı əlavə tədbirlər görmək və gələcək fəsadların qarşısını almaq üçün qabaqlayıcı addımlar atmaq vacibdir. Məsələlərin təfərrüatına varmadan vurğulayım ki, bu tip mövzular kifayət qədər qapalı müzakirə olunmalı xarakterlidir. Sadəcə onu qeyd etmək istəyirəm ki, bu risklərin mövcudluğu nəzərə alınaraq bütün proseslərin planlı şəkildə və ehtiyatla aparılması olduqca önəmlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə