Bakı, Daşkənd və Aşqabad iqlim böhranı ilə mübarizə sahəsində əməkdaşlığı genişləndirir
Bakı, Daşkənd və Aşqabad iqlim böhranının nəticələri və ekoloji risklərlə mübarizədə əməkdaşlığı genişləndirəcək. SİA xəbər verir ki, bu barədə avqustun 22-də Türkmənbaşıda keçirilən üçtərəfli sammitin yekunları üzrə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdıməhəmmədovun qəbul etdikləri birgə bəyanatda deyilir.
Türkmənistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, tərəflər iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və ona adaptasiya, ekoloji risklərlə mübarizə, biomüxtəlifliyin qorunması, ətraf mühitin mühafizəsi sahəsində ümumi layihə və proqramların təşviqi, regional və beynəlxalq platformalar çərçivəsində üç ölkənin ümumi maraqlarına cavab verən birgə təşəbbüslər üzrə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edirlər.
Liderlər həmçinin mədəni-humanitar sahədə əməkdaşlığın prioritet istiqamətlərini də müzakirə edib, aidiyyəti dövlət qurumları ilə ictimai birliklər, tədqiqat mərkəzləri, ali təhsil müəssisələri, KİV, mədəniyyət və incəsənət xadimləri arasında əlaqələrin vacibliyini vurğulayıblar.
Bəyanatda dostluğun və hərtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin zəruriliyinə qəti əminlik qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə