"Polislərin peşə bayramı əslində bütün Azərbaycan xalqının bayramıdır" - RƏYLƏR
"Hər bir ölkənin polisi, ictimai asayişi qorumaq üçün vacib olan dövlət qurumudur. Azərbaycan dövlətçiliyində polis həm ictimai asayişi qoruyub, həm də ərazi bütövlüyü mübarizəsində, milli ordu ilə yanaşı vuruşubdur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan polisi bu gün dövlətçiliyimizin və hər bir vətəndaşın təhlükəsizliyinin keşiyində durur. İnsanlarla qarşılıqlı təmasda nəinki özlərinə düşən vəzifələri, hətta ehtiyac olduqda kimsənin şəxsi probleminin həllinə də anında kömək etməyə həmişə hazırdırlar: "Polisdə qətiyyətli, vətənpərvər, Azərbaycanı, xalqımızı sevən oğul və qızlar qulluq edirlər. Azərbaycan polisi dövlətə sədaqətlə qulluq etməyin bir nümunəsidir. Xalqımız polis işçilərini çox sevir. Xalqla polis arasında sıx təmas vardır. Onların öz vəzifələrinə məsuliyyətlə yanaşması bizdə bir qürur hissi doğurur. Polis günündə onları təbrik edir, onları sevdiyimizi bildiririk. Bundan sonra da ictimai asayişin qorunmasında, dövlətçiliyimizin qorunmasında onlara böyük uğurlar arzulayırıq".
Mövzu ilə bağlı SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu isə bildirib ki, polislərin peşə bayramı əslində bütün Azərbaycan xalqının bayramıdır. Ona görə ki, polis Azərbaycan vətəndaşının təhlükəsizliyini qoruyur, onun keşiyini çəkir və yeri gələndə ictimai asayişi, yeri gələndə isə ön cəbhədə savaşaraq vətəni müdafiə edir: "Ona görə də, əlbəttə, bu gün polisimizin göstərdiyi peşəkarlıq, ictimai təhlükəsizliyi qoruması, cinayətkarlığa qarşı apardığı mübarizə, kiber cinayətkarlığa qarşı ardıcıl və uğurlu fəaliyyəti qürurvericidir. Ən nəhayət, Azərbaycan polisinin fəaliyyətində bu gün tiryək müharibəsinə qarşı apardığı mübarizə və burada əldə etdiyi uğurlar onun ən əlamətdar fəaliyyət istiqamətlərindən biridir. Çünki bizə qarşı aparılan narkotik müharibəsində, kiber müharibədə, informasiya savaşında əsas sipər və ön xəttdə dayanan məhz polislərdir. Bu münasibətlə mən bütün vicdanlı, peşəkar polis əməkdaşlarını Polisin Peşə Bayramı münasibətilə təbrik edirəm və Azərbaycan dövlətinin möhkəmlənməsi yolunda göstərdikləri xidmətlərə görə onlara təşəkkür edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə