"Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
“15 iyun 1993-cü il – Qurtuluş günü Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan və xalqımız tərəfindən heç zaman unudulmaz bir gündür”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Kimitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri xüsusilə vurğulayıb ki, bu gün ölkəmizin və xalqımızın müqəddəratının həll olunduğu və taleyimizin üzümüzə güldüyü bir gündür.
“Azərbaycan parçalanmadan, vətəndaş müharibəsindən, qardaş qırğınından, torpaqlarımızı daha geniş həcmdə işğaldan, ölkəni xaosdan, özbaşınalıqdan qurtaran bu günün dəyərini xalqımız verir və Qurtuluş günümüzlə qürur duyuruq. Çünki həmin gün xalqın təkidi və tələbi ilə Ulu Öndərimiz Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi inkişaf edən, dünyada tanınan, qələbələri ilə fəxr edən bugünkü Azərbaycandan, çiçəklənən torpaqlarımızdan danışmaq mümkün deyildi.
Heydər Əliyevin hakimiyyətə gəlişi ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdi, silahlı quruplaşmaları aradan götürdü, orduda intizam yaratdı, özbaşınalıqlara son qoydu, ilk növbədə insanlarda gələcəyə, işləməyə, çalışmağa, torpaqlar uğrunda qətiyyətlə mübarizə aparmağa ümid yaratdı, inam doğurdu. Bağlanmış əsrin müqaviləsi, Horadiz qəsəbəsinin düşməndən azad edilməsi, torpaq islahatının həyata keçirilməsi, xarici ölkələrlə beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, sosial-iqtisadi, müdafiə sahələrində aparılan islahatlar Azərbaycana, xalqa yeni bir nəfəs verdi və bugünkü uğurlarımıza yol açdı.
Heydər Əliyev siyasətini çox uğurla, müdrikliklə həyata keçirən cənab İlham Əliyev bugünkü qələbələrimizin təməlində Ulu Öndərimizin böyük təşkilatçılığının, iradəsinin, qətiyyətinin, xalqa, vətənə, torpağa məhəbbət və sədaqətinin durduğunu dönə-dönə qeyd edir və haqlı olaraq dahi şəxsiyyətin xidmətlərinin heç vaxt unudulmayacağını bildirir. Heydər Əliyevin arzuları, istəkləri, xidmətləri milli olduğu qədər də bəşəridir. Unudulmaz rəhbər öz düşüncələri, baxışları, ideyaları ilə təkcə öz xalqına, azərbaycançılığa deyil, bütün xalqlara, millətlərə xidmət göstərmişdir. Çünki bu ideyaların mayasında öz millətinə, xalqına, milli-mənəvi dəyərlərə qayğı ilə yanaşı, digər xalqlara da, azadlığa, sülhə, müstəqilliyə, insanların firavan həyatına böyük inam, məhəbbət, qayğı və hörmət vardır. Cənab İlham Əliyev bu ideyaları, amalları yaşatdığı üçün xalqımız qalibdir, düşmənə qarşı mübarizdir, torpaqlarını azad etməyə, dövlətini yüksəltməyə, şöhrətləndirməyə qadirdir. Qurtuluş günü hər an yolumuzu işıqalandırır və Prezidentimiz işıqlandırılan bu yolla Heydər Əliyev ideyaları ruhunda xalqımızı daha xoşbəxt gələcəyə aparır”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə