"Ermənistan cəmiyyətində və siyasi dairələrdə fikir ayrılığı var" - SİYASİ-EKSPERT ŞƏRH ETDİ

"İlin sonuna qədər həm sülh sazişinin imzalanması, həm də Zəngəzur dəhlizinin açılması reallaşa bilər. Məntiq və prinsipcə mümkündür. Lakin bunların hər ikisinin eyni vaxtda baş verəcəyi bir qədər inandırıcı deyil, xüsusilə də Zəngəzur dəhlizinin sülh sazişindən əvvəl açılması ümumiyyətlə mümkün deyil. Bunun əksi olan vəziyyəti təsəvvür etmək mümkündür, yəni sülh sazişinin imzalanmasından sonra Zəngəzur dəhlizinin də açılması mümkün ola bilər. Amma dəhlizin açılması sazişin imzalanmasından əvvəl ümumiyyətlə təsəvvür belə oluna bilməz". Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, real vəziyyət baxımından yanaşanda ilin sonuna qədər sülh sazişinin imzalanması real görünmür. Çünki sülh sazişinin imzalanması üçün Ermənistan dövlətində, cəmiyyətində buna əksəriyyət təşkil edən və əksəriyyətin mövqeyini ifadə edən bir meyil olmalıdır: "Fikrimizcə, bu gün Ermənistan hakimiyyətinin özü tam şəkildə hələlik buna hazır deyil. Eyni zamanda Ermənistan cəmiyyətində və siyasi dairələrdə də fikir ayrılığı var. Saziş də o zaman imzalana bilər ki, bütün cəmiyyət və dövlət buna hazır olsun. Ermənistan timsalında bundan danışmaq tezdir. Böyük ciddiyyətlər var, həm də Ermənistan hakimiyyətinin həm içində, həm də siyasi dairələrdə sazişin imzalanmasına böyük müqavimətlər var. Onu da əlavə edim ki, Ermənistanın həm Avropada, həm də Kremlində müttəfiqlərinin də əhəmiyyətli bir hissəsi sazişin imzalanmasına var qüvvə ilə maneçilik törədirlər. Çünki bu bölgədə əsl sazişin imzalanması onlara sərf etmir. Digər tərəfdən Azərbaycanın prinsipial şərtləri var. Konstitusiyanın dəyişilməsi ilə bağlı xüsusilə məsələni deməliyik. Və konstitusiyanın da dəyişilməsi üç günün, beş günün içində əmələ gələn məsələ deyil. İlin axırına qədər həm konstitusiyanın dəyişilməsi, həm sazişin imzalanması ümumiyyətlə ağıl-əsas olmayan bir şeydir.

Eyni zamanda parlament seçkilərindən əvvəl də Paşinyanın sülh sazişini imzalaması ümumiyyətlə ağıl-kəsən şey deyil. Çünki Paşinyan yaxşı bilir ki, bu seçkidə onun hakimiyyət taleyi həll olunacaq. Seçki 2026-cı ilin axırlarında olacaq və seçkiyə qədər sazişin imzalanması Paşinyanın əleyhinə, sülhün əleyhinə olan bütün ictimai, siyasi və dövlət qüvvələrinin tam şəkildə toparlanmasına və Paşinyanın üstünə düşməsinə səbəb ola bilər. Buna görə Paşinyan manevr imkanlarını həmişə geniş saxlamaq, özünü sərbəst hiss etmək üçün parlament seçkilərinə bir-iki ay qalana qədər ən azı sülh sazişini imzalamayacaq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə