Müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin tarixi və siyasi varisidir
Azərbaycan xalqı zəngin və şərəfli dövlətçilik tarixinə malikdir. Bu tarixin ən mühüm səhifələrindən birini 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və olduqca mürəkkəb şəraitdə 23 aylıq fəaliyyəti təşkil edir. Əlbəttə, Şərqdə ilk parlamentli və demokratik respublika olan Xalq Cümhuriyyətinin timsalında Azərbaycan xalqı yeni bir dövlətçilik ənənəsinin əsasını qoyub.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, milli dövlətçilik ənənələrinin qorunması və inkişafına xidmət göstərən əhəmiyyətli islahatlar həyata keçirib, müxtəlif sahələri əhatə edən çoxsaylı qanunlar qəbul edilib. Bununla da demokratik idarəetmə baxımından nümunə sayılan mütərəqqi dəyərlər yaradılıb. Xalq hakimiyyətinin və insanların bərabərliyinin təsbit edilməsi, bütün ölkə vətəndaşlarına eyni hüquqlar verilməsi, irqi, milli, dini, sinfi bərabərsizliyini aradan qaldırılaraq demokratik idarəetmə sisteminin formalaşdırılması, Şərqdə qadınlara ilk dəfə seçib-seçilmək hüququnun verilməsi bu baxımdan xüsusi qeyd edilməlidir.
Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrindən bəhs edərkən 1918-ci ilin dekabr ayında təntənəli açılışı olan Azərbaycan parlamentinin fəaliyyətini mütləq şəkildə qeyd etməliyik. Bu, bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament olmuşdur. Bunlarla yanaşı, həmin dövrdə milli ordumuzun yaradılması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan dövlət bayrağının qəbul edilməsi, məktəblərin milliləşdirilməsi, milli kadr siyasətinin aparılması, Azərbaycan dilinə dövlət dili statusu verilməsi və bu kimi digər tarixi əhəmiyyətə malik olan addımlar milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsinə çox mühüm töhfələr verib.
Bu gün qürur və iftixar hissi ilə deyirik ki, müasir müstəqil Azərbaycan dövləti Xalq Cümhuriyyətinin tarixi və siyasi varisidir. Xüsusi qeyd etmək vacibdir ki, Xalq Cümhuriyyətinin yaratdığı ənənələr xalqımızın zəngin dövlətçilik təcrübəsinin mühüm tərkib hissəsini təşkil edir. Heç də təsadüfi deyil ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə xüsusi ehtiram göstərib və Cümhuriyyət tarixinin, irsinin öyrənilməsini vacib sayıb. Bu siyasi ənənə Ulu öndərimizin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir və Cümhuriyyətə, onun qurucularına böyük hörmət və ehtiram ifadə edən mühüm qərarlar qəbul edib. Dövlət başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi olduqca mühüm bir tarixi hadisədir.
Ümumiyyətlə, dövlət müstəqilliyimizin bərpasından əvvəl dövlətçilik ənənələrinin qorunması və yaşadılması məhz Ulu öndərimizin adı ilə bağlıdır. Heydər Əliyev Naxçıvan MSSR-in Ali Sovetinin sədri seçildikdən sonra mühüm addımlar atmaqla tarixi və siyasi ənənələrimizin bərpasına nail olub. Ulu öndərin təşəbbüsü ilə ilk dəfə olaraq Naxçıvanda üçrəngli bayrağımız yenidən qaldırılıb, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarılıb. Eyni zamanda, həmin vaxt Naxçıvanda əhalinin SSRİ-nin saxlanılmasına dair keçirilən referendumda iştirak etməməsi haqqında qərar qəbul edilməsi də tarixi hadisələrdən biridir.
Ümummilli Liderimizin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması isə xalqımızımn xilası, dövlətimizin qurtuluşu oldu. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas etdi, inkişaf yoluna çıxardı, dövlət müstəqilliyini möhkəmləndirdi. Həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu sayəsində respublikamızın iqtisadi və siyasi qüdrətini artırdı, beynəlxalq mövqeyini möhkəmləndirdi. Bütövlükdə, müstəqillik dövründə Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dönəm inkişaf və sabitlik illəri kimi yadda qalıb.
Danılmaz həqiqətdir ki, Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Ən mühüm məqamlardan biri budur ki, Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, ölkəmizdə sıx xalq-iqtidar birliyi, sarsılmaz milli həmrəylik mövcuddur.
Qeyd edək ki, Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib.
Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi isə zəngin dövlətçilik tariximizin ən böyük qələbəsidir. 44 günlük Vətən müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatması xalqımızın mübarizə əzminin və dövlətimizin qüdrətinin ifadəsidir. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan şanlı Azərbaycan bayrağı 30 ildən çoxdur işğalda olmuş azad Qarabağımızın hər bir guşəsində dalğalanır. Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini təmin etməsi ilə ölkəmizin inkişafı daha sürətli şəkildə davam edir.
Qalib, qüdrətli dövlət olan Azərbaycanın müstəqilliyi əbədidir. Ölkə Prezidentinin də dediyi kimi: “Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir”.
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə