Türkiyə Azərbaycanın ədalət çağırışlarına açıq dəstək verir...

Qərbi Azərbaycan məsələsində...

Mayın 21-də Ankarada keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda beynəlxalq konfrans vacib keçid prosesi mahiyyətində idi. Bu istiqamətdə növbəti böyük konfransın oktyabrda Belçikada keçirilməsi nəzərdə tutulur.

SİA-nın məlumatına görə, bu fikri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri müavini, Milli Məclisin deputatı Ramil Həsən bildirib.

Ankarada keçirilən konfransın bu silsilədən üçüncü beynəlxalq tədbir olduğunu xatırladan R.Həsən, “daha əvvəl Bakıda Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə iki böyük tədbir təşkil olunub. Növbəti konfransın məhz qardaş Türkiyədə keçirilməsi çox əhəmiyyətli hadisədir. Ankaradakı konfrans çox böyük əks-səda doğurdu”, - deyə vurğulayıb.

Onun sözlərinə görə, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası ilə yanaşı qardaş ölkənin parlamentariləri və elm dünyasının Qərbi Azərbaycana qayıdış məsələsinə verdiyi dəstək bir daha onu göstərdi ki, Türkiyə bir çox sahədə olduğu kimi Qərbi Azərbaycan məsələsində də ölkəmizin ədalət çağırışlarına açıq dəstək verir.

“Prezident İlham Əliyevin qəti iradəsi ondan ibarətdir ki, Ermənistan Respublikasının indiki ərazisinə geri qayıdış sülh yolu ilə təmin olunmalıdır. Azərbaycanlılar ləyaqətli və təhlükəsiz şəkildə öz yurdlarına qayıtmalıdır. Bu istiqamətdə səylərimiz Qərbi azərbaycanlıların haqları tam təmin olunana qədər hüquq çərçivəsində davam edəcək”, - deyən deputat, öz ailəsinin də Ermənistandan qovulduğunu xatırladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə