Zaqreb şəhərində Azərbaycan Respublikası və Xovatiya Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Xorvatiya nümayəndə heyətinə isə bu ölkənin Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiç rəhbərlik edib.
Görüşdə Azərbaycan ilə Xorvatiya arasında siyasi əlaqələrin inkişaf dinamikası haqqında fikir mübadiləsi aparılıb, bu il iki ölkə arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd olunduğu diqqətə çatdırılıb.
Son illərdə yüksəksəviyyəli səfər mübadilələrində müşahidə olunan canlanma təqdir edilib, siyasi dialoqun intensivliliyinin təmini məqsədilə bu səfərlərin davam etdirilməsinin və beynəlxalq təşkilatlar çərçivəsində təmasların gücləndirilməsinin vacibliyi vurğulanıb.
Sonra iqtisadi-ticari sahədə, o cümlədən ənənəvi və alternativ enerji sahələrində aparılan əməkdaşlıq və inkişaf perspektivləri müzakirə olunub. Bununla yanaşı, humanitar minatəmizləmə sahəsində həyata keçirilən layihələr haqda danışılıb, bu və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin önəmi qeyd olunub.
Görüşdə, həmçinin postmünaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan normallaşma prosesi, davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, qarşıya çıxan maneələr və sülh sazişi istiqamətində son yeniliklər, eləcə də azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri barədə ətraflı məlumat verilib.
Sonda tərəflər arasında qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Səfər zamanı F.Rzayev, həmçinin Xorvatiyanın digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib və Azərbaycan-Xorvatiya diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş konfransda çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə