IFC və SECO Azərbaycanda kənd təsərrüfatının maliyyələşdirilməsini genişləndirir
Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birlikdə Azərbaycanda kənd təsərrüfatı istehsalçılarının maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə dörd illik məsləhət layihəsinə başlayır. SİA İFC-yə istinadən xəbər verir ki, korporasiyanın Məhsul və Anbar Şəhadətnamələri Layihəsi fermerlərin və aqrobizneslərin üzləşdiyi maliyyə maneələrini aradan qaldırmağı, bununla da məhsuldarlığı artırmağı hədəfləyir.
"Kənd təsərrüfatı Azərbaycanda məşğulluğun 37 %-ni təmin etsə də, ÜDM-də cəmi 5,5 %-lik paya sahibdir. Sektorun inkişafının qarşısını alan əsas problemlərdən biri girov çatışmazlığı və kənd təsərrüfatı kreditləşməsi ilə bağlı yüksək risklər səbəbindən maliyyəyə məhdud çıxışdır.
Bu çətinlikləri aradan qaldırmaq üçün IFC layihə çərçivəsində məhsul yığımından əvvəl və sonra maliyyə resurslarına çıxışı artıracaq innovativ alətlər təqdim edəcək. Bu vasitələr həm fermerlərin və aqrobizneslərin kredit imkanlarını genişləndirəcək, həm də maliyyə qurumlarının kənd təsərrüfatı sektoruna investisiyasını təşviq edəcək", - məlumatda deyilir.
Bildirilir ki, məhsul şəhadətnamələri fermerlərə yığılmış məhsulu girov kimi istifadə edərək kredit almaq imkanı yaradır. Bu, yüksək keyfiyyətli toxum, gübrə və digər resursların əldə edilməsini asanlaşdıraraq məhsuldarlığı artırır. Anbar şəhadətnamələri isə fermerlərin yığılmış məhsuldan girov kimi istifadə edərək kredit əldə etməsinə və ya məhsul anbara təhvil verildikdən sonra ödəniş almasına imkan verir. Bu, məhsul yığımından sonrakı dövrdə maliyyələşdirmə problemlərinin həllinə töhfə verir.
İFC qeyd edir ki, bu alətlərin rəqəmsallaşdırılması maliyyə inklüzivliyini və sektorun dayanıqlığını gücləndirə bilər. Bununla belə, onların geniş tətbiqi üçün uyğun tənzimləyici çərçivələrin formalaşdırılması vacibdir.
Layihə çərçivəsində IFC maliyyə alətləri üçün qanunvericilik və tənzimləmə bazasının yaradılmasını, eləcə də rəqəmsallaşmanı dəstəkləyən siyasətlərin formalaşdırılmasını hədəfləyir. Qanunvericilik bazası təsdiq edildikdən sonra diqqət maliyyə institutlarının və fermerlərin potensialının artırılmasına yönəldiləcək.
Bundan əlavə, dəyər zəncirinin maliyyələşdirilməsi üçün məhsul və anbar şəhadətnamələrindən istifadə edən biznes modellərinin inkişafı və ictimai maarifləndirmə təşəbbüsləri həyata keçiriləcək.
Xatırladaq ki, Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. O vaxtdan bəri IFC ölkədə təxminən 900 milyon ABŞ dolları həcmində investisiya qoyub, maliyyə xidmətləri, infrastruktur və istehsal sahələrində 60-a yaxın layihəni dəstəkləyib. Eyni zamanda, biznes mühitinin yaxşılaşdırılması, maliyyə sektorunun inkişafı, korporativ idarəetmənin təkmilləşdirilməsi və kiçik və orta sahibkarlığın gücləndirilməsi istiqamətində məsləhət layihələri icra edib.
IFC inkişaf etməkdə olan ölkələrdə özəl sektorun gücləndirilməsi və bazar imkanlarının yaradılması istiqamətində dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərir. 2024-cü maliyyə ilində təşkilat özəl kapitalı səfərbər edərək inkişaf etməkdə olan ölkələrdə özəl şirkətlərə və maliyyə institutlarına 56 milyard ABŞ dolları həcmində maliyyə vəsaiti ayırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə