XİN başçıları regional məsələləri müzakirə ediblər

Martın 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli və regional münasibətlərindən irəli gələn məsələlər müzakirə olunub.

Ceyhun Bayramov mövcud Azərbaycan-İran əlaqələrinin inkişafında siyasi dialoqun əhəmiyyətini vurğulayıb.

Azərbaycan ilə İran arasında enerji, nəqliyyat və investisiya sahələrində həyata keçirilən birgə layihələrin strateji əhəmiyyət daşıdığı qeyd edilib. Xüsusilə, İran ərazisindən keçən nəqliyyat dəhlizlərinin, eləcə də Azərbaycanın qərb regionları ilə onun Naxçıvan Muxtar Respublikasını birləşdirəcək infrastruktur layihələrinin region üçün yeni imkanlar yaratdığı diqqətə çatdırılıb.

Tərəflər iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafı məqsədilə hökumətlərarası iqtisadi komissiyanın rolunu qeyd ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə