İstanbulda Xocalı abidəsi ziyarət edilib

İstanbulda bu günün mənasını əks etdirən Xocalı abidəsi ziyarət edilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı abidənin yerləşdiyi, İstanbulun Bağcılar rayonundakı Azərbaycan Dostluq Parkında anım mərasimi keçirilib.

Azərbaycanın İstanbuldakı baş konsulluğu ilə İstanbulun Bağcılar Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutan mərasimdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səslənib, hər iki ölkənin şəhidləri yad edilib, parkdakı Xocalı abidəsi önünə tər güllər düzülüb.

Tədbirdə çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Bağcılar Bələdiyyəsinin sədri Yasin Yıldız və Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Xocalı soyqırımının dünya tarixinin ən utancverici və qanlı səhifələrindən biri olduğunu vurğulayaraq, bəşəri ədalətin bərqərar olması üçün bu qətliamın unudulmamasının və günahkarlarının ən ağır şəkildə cəzalandırılmasının zəruriliyini qeyd ediblər.

Natiqlər Xocalı soyqırımından illər sonra, Azərbaycan Dövləti, Ordusu və xalqının 44 günlük Vətən müharibə ilə göstərdiyi birlik və rəşadətdən danışıblar. Bildirilib ki, məhz bu birlik və dövlətimizin Qarabağı yenidən canlandırması sayəsində bu gün xocalılılar, eləcə də onlar kimi öz doğma el-obasından min cür işgəncələrlə qovulan bütün soydaşımız öz ata-baba yurdlarına qovuşur.

Tədbirdə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Ədalət Turan, Türkiyə ictimaiyyətinin nümayəndələri, yerli əhali və məktəblərin şagird-valideyn kollektivləri iştirak ediblər.

Qeyd edək ki, Xocalı qurbanları bu gün İstanbulun Taksim və Levent Barbaros Hayrettin Paşa məscidlərində dualarla yad olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə