Bəhreyn qəzeti Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Bəhreyn Krallığının “The Daily Tribune News of Bahrain” qəzetinin 15 dekabr nömrəsində Azərbaycanın Səudiyyə Ərəbistanı və Bəhreyn Krallığındakı səfiri Şahin Abdullayevin Ulu Öndər Heydər Əliyevə həsr etdiyi məqaləsi dərc olunub. SİA xəbər verir ki, “Azərbaycan görkəmli liderin xatirəsini anır” sərlövhəli məqalədə ölkəmizin müstəqilliyinin ilk illərində üzləşdiyi dərin iqtisadi və siyasi problemlərin hökm sürdüyü mürəkkəb və ziddiyyətli dövrdə Heydər Əliyevin xalqın etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçildiyi və qısa müddətdə ölkədə sabitliyi bərpa etdiyi və bununla ölkənin gələcək inkişafının əsaslı təməlinin qoyulduğu bildirilir.

Bəhreyn oxucularına Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu və zəngin dövlətçilik fəaliyyəti barədə ətraflı məlumat verən diplomat qeyd edib ki, Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra dini azadlıqların təmin olunmasına, ölkədə insanların sülh, əmin-amanlıq şəraitində yaşamasına xüsusi diqqət yetirib.

Məqalədə, həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası otuz il ərzində böyük iqtisadi potensiala malik azad və müstəqil ölkəyə çevrilib, əmin-amanlıq, sabitlik təmin edilib.

Vurğulanıb ki, Heydər Əliyevin prezidentliyi dövründə ölkəmiz balanslaşdırılmış xarici siyasət xətti yürüdüb. Azərbaycanın digər ölkələrlə, o cümlədən ərəb dünyası ilə ikitərəfli əlaqələri möhkəmlənib, beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlər inkişaf edib. Onun 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanlar açıb və iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair ilk saziş imzalanıb.

Müəllif məqalənin sonunda diqqətə çatdırır ki, Heydər Əliyevin ideyalarını, müdrik siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Bu uzaqgörən siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir və öz nüfuzunu daha da artırır. Qeyd olunur ki, Qarabağın işğaldan azad edilməsi ilə bağlı Heydər Əliyevin əsasını qoyduğu və həyata keçirdiyi fəaliyyət Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində uğurla nəticələnib və Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə