"Ermənistan öz taleyini revanşçı qüvvələrə etibar edib" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistanı sülhə doğru addım atmaqdan çəkindirən çoxlu amillər var". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, birinci növbədə Ermənistanın hələ də yaşadığı qisas və revanş hissləri bu ölkənin sağlam siyasət aparmasına böyük dərəcədə maneçilik törədir: "Ermənistanın siyasəti çox təəssüf ki, hələ də qisasçı qüvvələrin təsiri altındadır. Hətta Ermənistan kilsəsinin başçısı Ermənistan cəmiyyətinin revanş ruhunda tərbiyə olunmasında və formalaşmasında pis mənada əvəzsiz rolunu oynamaqdadır.

Ermənistanın siyasi dairələrinin içində revanş hissləri ilə yaşayanlar daha böyük çəkiyə malikdirlər, nəinki bölgənin və bu ölkənin gələcəyinə ayıq nəzərlərlə baxanlar. Bundan başqa Ermənistanın müstəqil siyasət yürütmək iradəsində olmaması da ölkəni sülh perspektivindən saxlayan növbəti amildir. Ermənistan müxtəlif dövlətlərin təsiri altındadır. Onun siyasətinə bu gün Kremldən də müəyyən cərəyanların təsiri var. Avropa mərkəzlərindən təsir göstərənlər var. Amerikadan Ermənistanın dövlət siyasətinə təsir və təzyiqlər var. Buna görə də xaricdən edilən bu təsirlər Ermənistanın sülh gündəminin müəyyən ardıcıllıqla davam etməsinə maneçilik törədir".

"Bir tərəfdən Ermənistanı sülhdən çəkindirən amillərin sırasında onun öz daxili siyasi hədəflərini məhz müharibə hazırlıqları üzərində qurması da rol oynayır. Ermənistan daxildə müharibəyə qisas niyyətləri ilə yaşadığını nümayiş etdirməklə bir növ ölkənin daxilində ictimai rəyi manipulyasiya edib. Ona görə ki, Ermənistanda müstəqil hakimiyyət olmadığına görə öz cəmiyyətlərini sülh üstündə kökləməyi bacarmırlar. Çünki Ermənistan müstəqillik əldə etdiyi dövrdən indiyə kimi ölkənin daxili siyasətini ancaq revanş, istilaçılıq üzərində kökləyib. Birdən-birə Ermənistan cəmiyyəti siyasi zövqlərini sülh üzərində kökləməkdə çətinlik çəkir. Sadəcə olaraq bacarmırlar. Ona görə də Ermənistan cəmiyyətinin baxışları üzərində oynamaq, Ermənistan cəmiyyətinin dəstəyini itirməmək üçün Ermənistan hakimiyyəti sülhə o qədər də meyl göstərə bilmir. Burada Ermənistan cəmiyyətinin özünün də müəyyən passivliyi rol oynayır. Əgər Ermənistan cəmiyyəti də ardıcıl, qəti şəkildə sülh iradəsində olsa, bu iradəsini Ermənistan hakimiyyətinə, müxtəlif təzyiq formaları ilə göstərə bilsə, Ermənistan hakimiyyətinin mövqeyi müəyyən qədər dəyişə bilər. Məsələ burasındadır ki, erməni cəmiyyətinin özü də bu gün sülh məsələsində o qədər də qətiyyətli mövqedə deyil, bu istiqamətdə fəallıq göstərə bilmir. Bir növ Ermənistan cəmiyyətinin taleyinə laqeydləşib. Öz taleyini revanşçı qüvvələrə etibar edib. Ermənistan cəmiyyəti öz taleyinə sahib olduğunu nümayiş etdirməyənə qədər Ermənistan sülh prosesindən beləcə çəkinməkdə davam edəcək" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə