COP29 qlobal sülhə və iqlim gündəliyinə töhfə verilməsi üçün bir fürsət olacaq - NAZİR

COP29 sədrliyi bu il həmçinin karbon bazarları üzrə nəticəyə nail olmaq üçün Tərəflərlə işləyir. Tam işlək karbon bazarları Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin səmərəli şəkildə həyata keçirilməsi və təsirlərin azaldılması üzrə ambisiyaların gücləndirilməsi işində mühüm addım olacaqdır. SİA xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqə, yaşıl enerji zonaları və dəhlizləri, enerji resurslarının saxlanması, iqlim davamlılığının harmoniyası, kənd təsərrüfatı, təmiz hidrogen və üzvi tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və s. mövzuları əhatə edən 14 təşəbbüs irəli sürüb.

“COP29 Fəaliyyət Gündəliyindəki təşəbbüslərdən biri iqlim maliyyəsi üçün innovativ mənbə kimi yanacaq istehsal edən ölkələr və şirkətlər tərəfindən könüllü şəkildə dəstəklənməsi gözlənilən İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasından ibarətdir. COP29 eyni zamanda, fikir ayrılıqlarının bir kənara qoyulması və qlobal sülhə və iqlim gündəliyinə töhfə verilməsi üçün bir fürsət olacaqdır. Münaqişələr və getdikcə kəskinləşən iqlim böhranı kimi məsələlər arasında əlaqəni nəzərə alaraq, Azərbaycan bir neçə gün əvvəl COP29 naminə Birgə Atəşkəs Çağırışı flaqman təşəbbüsünü elan edib. Mindən çox qeyri-hökumət təşkilatı, dini liderlər və görkəmli şəxsiyyətlər və bir çox tərəf artıq bu çağırışa qoşulub. Biz COP29 ayı ərzində hər kəsi siyasi fikir ayrılıqlarını aşmağa, həmrəy olmağa və Atəşkəsə hörmət etməyə çağırırıq”, - deyə nazir bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə