Zəfərin Kutlu olsun, Can Azərbaycan...

Deyirlər ki, döyüş böyük Türk millətinin alnına yazılıb. Hər bir türk əsgər doğulur ifadəsi də təsadüfən yaranmayıb. Bizim yaşı min illərə dayanan dövlətçilik tariximizin hər bir dövrü, mərhələsi, hətta anı həqiqətən də qəhrəman millətimizin şanlı ordularının zəfərlərlə dolu səlnamələrinin yazıldığı gerçək bir rəşadət rəmzi və tarixdir. Bizə nəsillərdən nəsillərə ötürülmüş, əcdad mirasıdır. Əlbəttə, türkün izi harada varsa, orada da onun həm dövləti, həm də əsgəri ənənələri var. Bu danılmaz bir həqiqətdir. Ötükənlərdən ta Orta Asiyaya, Azərbaycana, Anadoluya, Rumelinə, Avropaya, Kıbrısa, hətta Misirə, İraka kimi hər yerdə türkün həqiqi qəhrəmanlıq nümunəsi olan zəngin əsgəri mirasının dərin izləri var.

Azərbaycan..... Can Azərbaycan, sən bizim Türk tariximizin can damarısan, şah damarısan, irsimizin, örfümüzün, adətimizin özbəöz tarixi məskənisən, yurd yerisən. Səni cənnət Qarabağ işğalda olarkən, bu otuz ildə zəif, gücsüz, dişsiz görənlər və ya haqqında bu cür düşünənlər səndən o şərəfli və müqəddəs savaşımızda heç vaxt unutmayacaqları və unuda bilməyəcəkləri səviyyədə böyük və sarsıdıcı zərbə aldılar! Oğulların, o cəsur igidlərin döyüş meydanında hər şeyi, o status-kvonu, əli qanlı qatillərin haqqında uydurduqları yalanları, özləri barəsində təlqin etdikləri “yenilməz ordu” mifini yerlə yeksan etdilər. O 44 gündə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Dəmir yumruğunu” düşmənin başına elə endirdilər ki, qatillər və terrorçu yığınağı olan başıpozuqlar dəstəsi pərən-pərən düşdü.

Və cəmi 23 saat, 43 dəqiqə.... Ötən il 19 sentyabrda başlanan antiterror əməliyyatımızın müddəti cəmi bu qədər çəkdi. Qəhraman ordumuzun əsgər və zabitləri aslanlar kimi döyüş meydanına atılaraq Azərbaycanın müqəddəs torpaqlarında separatçılığın kökünü kəsdilər. Bu tarixi gün və həm də bizim hamımız üçün bir sınaq günü idi. Biz o gün bir millət olaraq, azərbaycanlının, türkün qeyrətini və döyüş əzmini dünyaya göstərdik. Həm də sübut etdik ki, biz qadınla, qocayla, uşaqla savaşmırıq, intiqamımızı, öcümüzü onlardan almırıq, mübarizəmiz yalnız işğalçı ordu ilədir. Ona görə də əsl qatillər, canilər Azərbaycan ordusu tərəfindən yox edildilər və həbs olundular. Baxın, bu əməliyyat Azərbaycanın öz ərazisində tam olaraq suverenliyini təsbit etdi. Azərbaycanda separatçılığın kökü birdəfəlik olaraq kəsildi. Qondarma rejim çökdü və özü-özünü buraxdı. Bu hadisənin nəticəsində dünya bizdən nəyi gördü?

1. İlk növbədə Cənab Prezident İlham Əliyevin torpaqlarımızın tam azad olunacağına, bütün ərazilərimizdə suverenliyimizin bərpası məsələsində göstərdiyi qətiyyətinin qarşısının alınmasının qeyri mümkün olduğuna əmin oldu

2. Azərbaycan xalqının öz Liderinə, öz ordusuna sahib çıxdığını, yanında olduğunu, sarsılmaz iradəyə, əzmə malik olduğunu gördü

3. Azərbaycan-Türkiyə qardaşlığının sadəcə bir sözdən ibarət olmadığına əmin oldu

4. Azərbaycan əsgərinin cəsurluğunu, igidliyini, vətənpərvərliyini, mərhəmətini, tarix kitablarında oxudulmalı və öyrənilməli olan mülki vətəndaşlarla humanist davranış nümunəsini müşahidə etdi

5. Azərbaycan ordusunun mükəmməl, hazırlıqlı, döyüşkən və peşəkar ordu olması sübut edildi

6. Azərbaycan xalqının yenilməz millət olduğunu, dövlətinə, torpağına bağlılığını bir daha hamı gördü

7. Qarabağın bir daha heç vaxt Azərbaycandan qoparıla bilməyəcəyini kəsin olaraq anladı

Nəhayət, Azərbaycanı və Türkiyəni sevməyənlər, türk birliyinə düşmən olanlar başa düşdülər ki, artıq qatar çoxdan gedib. Türk birliyi qaçılmazdır. Prezidentlər cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan əcdadımızdan miras aldığımız sarsılmaz dostluq və qardaşlıq nümunəsi olan birliyimizi bütün dünyaya olduğu kimi göstərdilər. Hamı anladı ki, Azərbaycan Türkiyə, Türkiyə də Azərbaycan deməkdir. Şuşa bəyənnaməsi bunun sübutudur.

Dünya birliyi isə bu məsələdə də sinifdə qaldı. Haqsızlıq, ikiüzlülük, ədalətsizlik nümunələrini həmin o günlərdə də yenə də Fransa başda olmaqla erməni himayədarlarından gördük və onların da cavabını diplomatik müstəvidə dövlətimiz layiqincə verdi.

Bu gün, cənab Prezident tarixi bir qərar qəbul edib. 20 sentyabr Azərbaycanın suverenlik günü kimi təsis olunub. Kutlu olsun!

Beləliklə, Azərbaycanın bir il əvvəl, sentyabrın 19-da başladığı və 20-də uğurla bitirdiyi anti-terror əməliyyatının çox bötyük nəticələri hələ qabaqda olacaq. Xankəndidə, göz yaşı hələ də qurumayan Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda və bütün Qarabağda, Şərqi Zəngəzurda qürurla, şəstlə dalğalanan üç rəngli müqəddəs bayrağımız həm də bizim qürur mənbəyimizdir.

Əbədiyyətə qədər bizimlə yaşayacaq bu böyük hədiyyəni bizə bəxş edən Əziz Şəhidlərimizə Allah rəhmət eləsin, Qazilərimizə cansağlığı versin. Uca Yaradan qələbəmizin memarı olan Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevi, qəhrəman əsgər və zabitlərimizi, ordumuza komutanlıq edən generallarımızı və Əziz Millətimizi hifz etsin. Zəfərin Kutlu olsun, can Azərbaycan!!!

Hulusi Kılıç,

Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri

“İMZA” İB-nin Türkiyə təmsilçisi

Bütün xəbərlər Facebook səhifəmizdə