"Bakıda keçiriləcək COP29-dan taleyüklü məsələlərin həlli asılıdır" - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycanda COP29-a hazırlıq işləri nəzərdə tutulmuş qaydada davam edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, burada əsas məsələ ondan ibarətdir ki, ölkə belə böyük, mötəbər məclisi qarşılayan tərəf kimi ilk növbədə təşkilatçılıq, logistika, hətta ideoloji baxımından belə hazır olmalıdır: "İdeologiya ondan ibarətdir ki, bütün dünya birliyi iqlim sağlamlığı uğrunda birləşməlidir, mütəşəkkil olmalıdır, öz qüvvələrini səfərbər etməlidir ki, karbon qazlarının və zərərli maddələrin hamısının atmosferə buraxılmasının qarşısı alınsın. Burada ölkələrin göstəriciləri nəzərə alınmalıdır. Çünki ilk növbədə ənənəvi enerji sahəsində baş verən proseslər, neft, qaz hasilatı həmişə ekoloji cəhətdən natəmiz, zərərli maddələrin havaya buraxılması ilə əlaqəlidir. Azərbaycan dövləti, təşkilatçı tərəf kimi artıq elə edir ki, bizdə yaşıl enerjiyə keçid ləngiməsin.
Təsadüfi deyil ki, dövlət rəhbərinin iştirakı ilə artıq Qarabağ bölgəsində prosesləri sıfırdan başlayırıq, onları bərpa edirik, şəhərlərimizi yenidən qururuq. Çalışacağıq ki, o bölgədə ümumiyyətlə, istifadə olunan enerji yaşıl xətt üzrə əldə olunsun. Bu, ekoloji cəhətdən çox təmiz texnologiyadır. Digər tərəfdən də bərpa olunan mənbələrin resursuna söykənən yanaşmadır.
Ötən COP28 Birləşmiş Ərəb Əmirliklərində baş verdikdə orada qalmaqallı vəziyyətlər yaşandı və bütün iştirakçılar arasında, hətta dedi-qodular da var idi ki, necə olur ki, bu ölkə iqlim təmizliyi uğrunda tədbiri keçirir, amma ənənəvi sahəyə aid kontraktları yeniləyir, bu, yenilənmə, saflaşma məramına ziddir".
"Azərbaycan bu proseslərin hamısını nəzərə alır. Biz bir tərəfdən də bilirik ki, gələn mütəxəssislər, ekologiya sahəsindəki tədqiqatçılar, bilikli insanlar ilk növbədə təşkilatçı ölkənin xasiyyətnaməsinə diqqətlə yanaşacaqlar. Görəcəklər ki, Azərbaycan nə dərəcədə məhdudlaşdırıcı prosesləri təmin edə bilir. Yəni zərərli maddələrin atmosferə buraxılmasının qarşısını ala bilir. Digər tərəfdən hansı texnologiyalara üstünlük verir, nəhayət neft-qaz ölkəsi olaraq o ənənəvi mənbələrin istismarı və istifadə olunmasının qarşısını məhdudlaşdırır. Bu işlərin hamısında biz çox böyük təcrübə əldə etmişik. Artıq lazımi tədbirləri də görürük ki, "baş ağrısı gətirən" problemlərin qarşısı alınsın. Əgər Azərbaycan bu işdə öncülük edirsə, çalışacaq ki, həm tədbir yüksək səviyyədə keçirilsin, həm də ümumi razılaşmanın meydana çıxması, ərsəyə gəlməsi məhz Bakıda baş versin. Çünki ölkələr hamısı vahid sənədə imza atmalıdırlar ki, həm maliyyə dəstəyi təmin olunsun, həm də fəaliyyətdə artıq effektiv nəticələr əldə olunsun. Çünki Bakıda keçiriləcək COP29-dan taleyüklü məsələlərin həlli asılıdır.
Biz çalışacağıq ki, bütün sahələrdə olduğu kimi bu sahədə də ölkə kimi özümüzü yüksək səviyyədə təqdim edək. Digər tərəfdən də ortaya çıxara bildiyimiz işlək vəziyyəti, mexanizmləri bütün ölkələrin gözləntilərinə cavab verə biləcək tərzdə təmin edək. Azərbaycan bu vəzifənin həm məsuliyyətini, həm dərinliyini dərk edir və bu istiqamətdə lazımi işləri görür ki, həqiqətən də, biz həm də dünya birliyinə sözügedən sahədə yaxşı örnək göstərə bilək. Bunun da gələcəyimiz üçün çox böyük əhəmiyyəti var" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB