Qalib ölkənin «Əkinçi"dən başlanan çətin və şərəfli yolu ŞƏRH

Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda milli mətbuatımızın keçdiyi 149 il əslində tək mətbuatın deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin bayramıdır. Və təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyev mətbuatımızın yubileyinin ümummilli səviyyədə qeyd olunması ilə bağlı imzaladığı sərəncamlar bir daha Azərbaycanda mətbuata dövlət qayğısının daha bir parlaq təzahürü kimi dəyərləndirilməlidir. Demokratik ruhlu, milli qayəli Azərbaycan mətbuatı yarandığı ilk gündən milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı yerinə yetirib. Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası ötən 149 ildə çətin, lakin şərəfli yol keçib. "Əkinçi" qəzeti maarifçilik ideyalarını özünə yenilməz bayraq etmiş ilk Azərbaycan mətbuat nümunəsi idi. Bu da səbəbsiz deyil. Belə ki, XIX əsrdə Azərbaycanda maarifçilik hərəkatının və maarifçilik ideya cərəyanının aparıcı qüvvələri, necə deyərlər, cərəyanın təməl daşını qoyanlar, məhz Mirzə Fətəli Axundzadə və Həsən bəy Zərdabi idi. Zərdabinin nəzərində maarifçilik cəmiyyətin tərəqqiyə doğru inkişafının, cəmiyyəti bütün bəlalardan xilas etməyin yeganə vasitəsi idi. O, anadilli mətbuatı milli mövcudluğu qoruyub-saxlamaq yolunda bir vasitə kimi görürdü. Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası müxtəlif dövrlərdə ağır sınaqlara məruz qaldı, amma milli dilin yaşaması naminə hər çətinliyə dözdü və tutduğu şərəfli yoldan dönmədi.

"Heç olmaz ki, doğru söz yerdə qalsın" deyən Həsən bəy Zərdabi el-obanın zülmət içində boğulduğu bir vaxtda ona əl uzatmaq, onun yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün "Əkinçi"ni yaratdı. "Əkinçi" Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu. 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan "Əkinçi" millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi. Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar "Əkinçi"nin ənənələrini davam etdirdi.

Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Şübhəsiz ki, mətbuatımıza dövlət qayğısı, məhz 1970-80-ci illərdə özünün yüksək səviyyəsinə çatmışdı. Bu tendensiya Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə ali siyasi hakimiyyətə gəldiyi 1993-cü ildən sonra da davam etdi. 1995-ci il noyabrın 12-də - müstəqil dövlətimiz özünün ilk Konstitusiyasını qəbul etdikdən, yeni parlament seçildikdən sonra Ulu Öndər ölkədə teleradio yayımının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə yeni, müasir avadanlıqların alınmasına və quraşdırılmasına göstəriş verdi. Qafqazda, ilk olaraq, Azərbaycanda sovet dönəmindən qalan teleötürücü qurğular dəyişdirildi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, söz, məlumat və fikir azadlığının təmin edilməsi sahəsində mühüm tədbirlər həyata keçirildi. Ümummilli Lider Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı ilə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olundu, bu sahənin inkişafını stimullaşdıran bir sıra zəruri tədbirlər həyata keçirildi. Bununla da, ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm verildiyi bir daha təsdiqləndi. Ulu Öndər 27 mart 2000-ci ildə imzalanan "Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi" haqqında Fərmanla ölkəmizdə demokratik mətbuatın yaradılmasının 125 illiyi təntənəli şəkildə qeyd olundu. KİV-lərlə əlaqəni kəsməyən, daim jurnalistlərin yanında olan, mətbuatla işləmək mədəniyyəti nümunəsini göstərən Ulu Öndər Heydər Əliyev 2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərlərini qəbul etdi, mətbuatın problemlərini müzakirə etdi. Həmin görüşdən sonra bəzi problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi, onlara kreditlər ayrıldı, mətbəələrə olan borcları "donduruldu". Dövlət başçısının mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Ulu Öndər Heydər Əliyev 2002-ci il martın 22-də "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.

Ümummilli lider Heydər Əliyevin mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Demokratik inkişafı azad mətbuatsız təsəvvür etməyin mümkünsüzlüyünü, məsuliyyətli medianın yalnız qanunların işlədiyi ölkələrdə inkişaf etdiyini dönə-dönə vurğulayan ölkə başçısı İlham Əliyev Azərbaycan mətbuatının tam azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməsi üçün son illərdə bir sıra qanun və sərəncamlar imzalamış, Medianın İnkişafı Agentliyinin yaradılması, "Media haqqında" qanun isə Azərbaycan mediasında yeni mərhələnin başlanğıcı olmuşdur. Dünyada informasiyanın artdığı, əksər hallarda dezinformasiyaların səhih məlumatları üstələdiyi bir vaxtda Azərbaycan mediası öz nüfuzunu və peşəkarlığını daha da artırdı. İnformasiya cəbhəsində öz mövqeyini möhkəmləndirdi. 44 günlük Vətən müharibəsi həm də media üçün bir sınaq dövrü oldu və Azərbaycan mediası informasiya müharibəsində də öz üstünlüyünü qorudu. Düşmənin təxribatlarının qarşısı yüksək peşəkarlıqla alındı. Biz 44 günlük Vətən Müharibəsində informasiya cəbhəsində də fəallıq nümayiş etdirdik. Erməni tərəfi dezinformasiya siyasətini davam etdirirdi. Ermənipərəst mövqedən çıxış edənlər, qərəzli yanaşma sərgiləyənlər də var idi. Bununla belə, dünya Qarabağda baş verənlərlə bağlı ən operativ və dəqiq məlumatları Azərbaycandan alırdı. Bu mənada Böyük Qələbəmizdə medianın rolunu da xüsusi qeyd etməliyik. Bu gün dünyada güc amili həm də informasiya mübarizəsində əldə edilən üstünlüklə xarakterizə olunur. Bu mənada döyüş meydanında savaş bitsə də, informasiya cəbhəsində mübarizə bitməyib və görünən odur ki, uzun müddət davam edəcək. Təsadüfi deyil ki, Türk dünyasına qarşı aparılan dezinformasiya kampaniyasını zərərsizləşdirmək istiqamətində səylərin birləşdirilməsinin də təşəbbüskarı Azərbaycandır. Azərbaycan-Türkiyə Ortaq Media Platforması bu baxımdan çox yaxşı nümunədir. Təcrübə göstərdi ki, postmüharibə dövründə də ortaq platforma fəal olmalıdır.

Prezident İlham Əliyevin dediyi kimi, mətbuat cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsi sahəsində vacib rol oynayır.Mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır və insanların məlumat əldə etmə mənbəyi olaraq böyük əhəmiyyət kəsb edir. Mətbuatın qərəzsiz olması, məlumatların obyektiv və doğru şəkildə təqdim edilməsi vacibdir. Bu, cəmiyyətin məlumatlanmasını və ictimaiyyətin doğru qərarlar verməsini təmin edir. Ölkədə həyata keçirilən mətbuat islahatlarının və müasir media texnologiyalarının tətbiqinin nəticəsidir. Azərbaycan mətbuatı müasir dövrdə daha peşəkar, obyektiv və effektiv fəaliyyət göstərməkdədir. Prezident İlham Əliyevin 2005-ci ildə Azərbaycan milli mətbuatının 130, 2010-cu ildə 135, 2020-ci ildə isə 145 illik yubileylərinin keçirilməsi ilə bağlı müvafiq sərəncamlar imzalaması, yubiley münasibətilə mətbuat işçilərini təltif etməsi, onlara fəxri adlar verməsi jurnalistika tariximizə, milli-mənəvi dəyərlərimizə, kütləvi informasiya vasitələrimizə verilən yüksək dəyərin göstəricisidir.

Bu gün Azərbaycan mətbuatı tamamilə yeni bir mərhələdə inkişaf edir. Ölkənin əksər media qurumları Azərbaycan dövləti tərəfindən dəstək görür və müstəqil şəkildə inkişaf edərək milli və ictimai maraqlara xidmət edir. Azərbaycan mediası, xüsusən də bir sıra xəbər portalları dünyada tanınır. Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün 3 yaşayış binalarının tikilməsi bir daha deyilənlərin göstəricisidir. Bütün bunlar göstərir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Lakin bu uğurlara hələ də kölgə salmağa çalışan anti-Azərbaycan dairələr yenə də böhtanlarından qalmırlar. Ancaq həqiqət göz qabağındadır və bu qüvvələr nə qədər cəhd göstərsələr də, bütün planları iflasa məhkumdur. Çünki bu gün ölkəmizdə bütün sahələrdə həyata keçirilən uğurlu siyasətlə yanaşı, milli təəssübkeşlikdən çıxış edən, dövlətçiliyə və xalqa xidməti rəhbər tutan Azərbaycan mətbuatı onların qarşısında sarsılmaz sipərdir. Beləliklə, bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığının başlıca təminatçısıdır və bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir. Və bu gün Azərbaycan tək Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, eyni zamanda, dünyanın nüfuzlu ölkələri sırasında dayanır. Onun yaratdığı reallıqlar milli mətbuatımızın qarşısında da yeni vəzifələr qoyur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları da öz çıxışlarında bu məsələyə xüsusi önəm verərək qeyd edir ki: "Bu gün Azərbaycan mətbuat müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndilirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır". Bir sözlə, bütün bunlar göstərir ki, Azərbaycan dövləti milli mətbuatımıza daim diqqət göstərir və onun inkişafına yönələn tədbirlər həyata keçirilir.Və bir daha bütün mətbuat nümayəndələrini təbrik edir, şərəfli fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıram.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə