COP29 kiçik ada ölkələri üçün mühüm məsələlərin həllində dönüş nöqtəsi olacaq TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: "Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub"
"Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib".Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin "Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması" mövzusunda 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində yer alıb."Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə biz Hərəkatın gündəliyini irəli aparmaq üçün səylərimizi əsirgəmədik. Qoşulmama Hərəkatının institusional inkişafına, Hərəkatın birliyinin möhkəmləndirilməsinə və nüfuzunun artırılmasına xüsusi diqqət yetirildi. Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təşkilatın bütün üzv dövlətlərinin, o cümlədən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarını və narahatlıqlarını daha yaxşı anlamaq üçün imkan yaratdı", - dövlət başçısı qeyd edib.Azərbaycan Prezidenti vurğulayıb ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizə üzrə qlobal səylərin önündə gedib və bu məsələ ilə bağlı BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib: "Azərbaycan peyvənd millətçiliyinə qarşı çıxış edərək bütün ölkələr üçün vaksinlərə ədalətli və universal əlçatanlığı təşviq edib. Pandemiya zamanı Azərbaycan, həmçinin 80-dən çox ölkəyə, o cümlədən 20-yə yaxın İnkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib"."Keçən ilin mart ayında Qoşulmama Hərəkatının sədri kimi mən İnkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyadan sonrakı bərpanı dəstəkləmək üçün fəaliyyətə Qlobal çağırış elan etdim. Bu çağırışla mən beynəlxalq ictimaiyyəti pandemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə maliyyə yardımı və birbaşa iqtisadi dəstək göstərməyə dəvət etdim. Azərbaycan bu çağırışa vəsait ayıran ilk ölkə olub", - Prezident İlham Əliyev xatırladıb.
"DÜŞÜNÜRÜK Kİ, KİÇİK ADA DÖVLƏTLƏRİNƏ YARDIM BİZİM ÜÇÜN MƏNƏVİ BORCDUR"
"Düşünürük ki, kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur" deyən və onlara dəstəyin verilməsi məqsədilə praktiki töhfəni və maliyyələşmə addımlarını bəzi tərəfdaşlarla artıq müzakirə edildiyini vurğulayan Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimindəki çıxışında bir daha bu məsələni gündəmə gətirib. Bütün bunlar bir daha təsdiq edir ki, inkişaf etməkdə olan kiçik ada dövlətləri Azərbaycanın diqqət mərkəzindədir. Prezident İlham Əliyev iyulun 13-də ATƏT-in baş katibi xanım Helqa Mariya Şmidi qəbul edərkən Azərbaycanın yaşıl keçid siyasəti və bu istiqamətdə görülən tədbirlərdən danışmaqla yanaşı, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Azərbaycanın gündəliyində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib və "Commonwealth" təşkilatı ilə birlikdə kiçik ada dövlətləri ilə əlaqədar xüsusi fondun yaradılması istiqamətində iş aparıldığını da bildirib.Dövlətimizin başçısı, həmçinin Azərbaycanın sülh gündəliyinə sadiqliyini vurğulayıb və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın konstitusiyasında dəyişikliklərin aparılmasının, Azərbaycana qarşı ərazi iddialarına konstitusional əsasda son qoyulmasının vacibliyini bir daha diqqətə çatdırıb.
AZƏRBAYCANIN COP29 SƏDRLİYİ - KİÇİK ADA DÖVLƏTLƏRİ MÖVZUSU PRİORİTETLƏR SIRASINDADIR
Azərbaycan COP29 sədrliyi çərçivəsində bütün tərəflərlə aktiv iş aparır, iqlim dəyişikliyinin yaratdığı və qlobal narahatlığa səbəb olan bir sıra vacib problemləri gündəmə gətirir. Həmin problemlərin həllinin tapılması, eyni zamanda bu məqsədlə maliyyə yardımının ayrılması Bakı konfransında prioritet olacaq. Bununla yanaşı, iqlim dəyişikliyinin İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün yaratdığı problemlərin həlli də Bakının COP29-a sədrliyinin əsas prioritetləri arasındadır. COP çərçivəsində Bakıda İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə toplantısının keçirilməsi də planlaşdırılır.Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bildirib ki, iqlim dəyişmələrinin mənfi təsirlərinə ən çox məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet məsələlərdən olacaq. Məlumdur ki, iqlim dəyişikliyinin fəsadları bütün dünya üçün ciddi narahatlıq yaradır. Ona görə də bu problemin həlli qlobal səylər və həmrəylik tələb edir.Azərbaycan qlobal məsuliyyətini yüksək şəkildə dərk edən ölkə olaraq indiyə kimi atdığı bütün addımlar uğurlu olub və öz məqsədinə çatıb. Şübhəsiz ki, ölkəmiz yaşıl enerjiyə keçid istiqamətində də uğurlara imza atıb, ənənəvi enerji istehsalçıları və istehlakçıları üçün nümunəyə çevrilə biləcək.Azərbaycan övlət başçısının dünyada qazandığı yüksək nüfuz bir çox beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinə imkan yaradır. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüslər, qlobal məsələlərdə yüksək fəaliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən dəstəklənir və təqdirəlayiq hesab edilir. Elə COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın qəbulu da bir daha göstərdi ki, dünya ölkələri İlham Əliyevin fəaliyyətinə yüksək qiymət verirlər.
AZƏRBAYCAN PREZİDENTİ BÜTÜN ÖLKƏLƏRİ PLANETİ XİLAS ETMƏK NAMİNƏ HƏMRƏYLİK NÜMAYİŞ ETDİRMƏYƏ ÇAĞIRIB
Azərbaycanın istər COP29-un təşkili, istərsə də cari ilin "Yaşıl dünya naminə həmrəylik ili" barədə tövsiyə və qərarlarında nəzərdə tutduğu məqsədlər əksər dövlətlər, beynəlxalq qurumlar tərəfindən çoxtərəfli müstəvidə müzakirə edilir və dəstəklənir. Çünki iqlim dəyişikliyi son zamanlar nəinki dünya iqtisadiyyatı, bəşəriyyətin mövcudluğu üçün ciddi fəsadlar yaradır. Odur ki, problemin gündən-günə kəskinləşdiyini nəzərə alan bir çox mütərəqqi ölkələr "yaşıl inkişaf"a keçid təşəbbüslərini alqışlayır, konkret ölçülərin götürülməsi məsələsini aktuallaşdırırlar.Bu faktı da xüsusi olaraq vurğulamaq lazımdır ki, sivil dünya dəfələrlə Azərbaycanın, dövlətimizin başçısı İlham Əliyevin bəşəriyyəti narahat edən ciddi problemlərlə bağlı təşəbbüslə çıxış etdiyi və əməli nəticələrə nail olduğunu görüb. İyunun 4-də "Bakı-Ekspo" Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev bildirib ki, biz maksimal dərəcədə məsuliyyət nümayiş etdirməyə və eyni zamanda beynəlxalq ictimaiyyətin müxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq: "Hesab edirəm ki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimiz ən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz baş verənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizi səfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız və nəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlı gündəliyimizə yönəltməliyik".
"FRANSADA BƏZİ SİYASİ LİDERLƏR ERMƏNİLƏRDƏN DAHA ÇOX ERMƏNİ OLMAĞA ÇALIŞIRLAR"
"Antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir". Bu fikri Prezident İlham Əliyev keçirilən müşavirədə deyib.Bəzi Qərb ölkələrinin, ənənəvi olaraq da Fransanın bununla barışmaq fikrində olmadığını qeyd edən dövlətimizin başçısı bildirib: "Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar".Azərbaycan Prezidenti onu da vurğulayıb ki, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı: "Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı".
"BÜTÜN ÖLKƏLƏRİ PLANETİMİZİ XİLAS ETMƏK NAMİNƏ HƏMRƏYLİK NÜMAYİŞ ETDİRMƏYƏ ÇAĞIRIRAM!"
Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan 33 İnkişaf etməkdə olan kiçik ada dövlətinin təmsil olunduğu Millətlər Birliyi, o cümlədən digər beynəlxalq qurumlar vasitəsilə texniki yardım proqramları üçün vəsait ayıracaq. Bundan əlavə, həmin dövlətlərin vətəndaşlarına Azərbaycan universitetlərində təhsil almaq üçün təqaüd imkanları genişləndiriləcək. İndiyədək 10-dan çox İnkişaf etməkdə olan kiçik ada dövləti Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının Üzv Dövlətləri üçün təqdim etdiyi Təhsil Qrant Proqramlarından faydalanıb. Azərbaycan, həmçinin COP29-da İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin iştirakına dəstək verəcək.
Məlumdur ki, Bakıda COP29 "Yaşıl dünya naminə həmrəy olaq!" şüarı ilə keçiriləcək. Prezident İlham Əliyev konfrans iştirakçılarına məktubunda "Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram"- deyə müraciət edib. Bu məqsədə çatmaq üçünsə dünya ictimaiyyətinin siyasi iradəsi və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır. Qlobal problemlərin həllinə beynəlxalq birliyin fəal əməkdaşlığı sayəsində nail olmaq mümkündür.
Bir sözlə, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi humanizm siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan COP29 zamanı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq və konsensusa nail olmaq üçün səylərini əsirgəməyəcək. Bu mötəbər toplantıda bir daha ölkəmizdən dünyaya həmrəylik çağırışı ediləcək.
Beləliklə də, artan nüfuz, güc, iqtisadi qüdrət Azərbaycanı həm də müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq mübarizəsinin qlobal platformasına çevirib desək, yanılmarıq. Bütün bunlar isə Prezident İlham Əliyevin yürütdüyü mütərəqqi siyasətin tərkib hissəsidir. Və bu gün Azərbaycan, dövlət başçımızın söylədiyi kimi: "Bakıdakı COP üçün seçdiyimiz "Yaşıl dünya naminə həmrəy olaq" şüarı bizim COP29 missiyamızın ruhunu əks etdirir. Hamımız birlikdə bu vəziyyətlə üzləşdiyimiz üçün bütün ölkələri planetimizi xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıram. Bu məqsədə çatmaq üçün bizə siyasi iradə və Azərbaycanın daim müdafiə etdiyi çoxtərəflilik lazımdır".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB