"Bu seçkilər daha demokratik olacaq" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"1 sentyabr seçkiləri növbədənkənar parlament seçkiləridir. Azərbaycanda cənab Prezident İlham Əliyevin elan etdiyi kimi yeni era başlayıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

O bildirib ki, yeni zamanın tələblərinə uyğun olaraq yeni parlament də tələb olunur: "Bu mənada Azərbaycanda 1 sentyabr seçkilərindən sonra yeni era artıq parlament müstəvisinə keçəcək. Həm indiyə kimi icraedici orqanlarda idisə, artıq qanunverici orqan olaraq parlamentdə də yeni zamanın tələblərinə uyğun olaraq qanunlar qəbul olunacaq. Eyni zamanda bundan sonra da məhkəmə sisteminin yeni eraya uyğun olaraq uyğunlaşacağını gözləyirəm.

Ümid edirəm ki, bu parlament seçkiləri daha demokratik keçiriləcək. Düzdür, indidən bəzi mətbuatlarda siyahıların hazırlanmasından söhbət gedir, bəziləri yazır ki, siyahılar mövcuddur, başqa cür olmayacaq. Əslində bəzi adamlar bu işdə maraqlıdır. Əsas da bəzi icra başçılarının son şanslarıdır. Çünki Azərbaycanda onların sayı ən azı bir neçə dəfə azaldılacaq. 14 iqtisadi rayon üzrə Prezidentin nümayəndəsi olacaq. Bunu görənlər də özlərinə son şans kimi bunu gündəmə gətirirlər. Nə Prezident Aparatından göstəriş var, nə başqa şeylər var. İndidən onu edirlər ki, daha doğrusu, qiymət qaldırırlar ki, burada artıq var idi, onu siyahıdan çıxarıb səni salmaq daha baha başa gəlir. Təəssüf ki, belə şeylər də var. Amma bir şey var ki, dövlətin imicinə çox ciddi ziyan vurur. Seçkilər nə qədər demokratik keçirilsə, bir o qədər yaxşı olur. Dediyim kimi əminəm ki, bu seçkilər daha demokratik olacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə