"Parlament seçkilər çox önəmli, tarixi hadisədir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bildiyimiz kimi 1 sentyabr 2024-cü ildə Azərbaycanda Milli Məclisə seçkilər keçiriləcəkdir. Seçkilərin iki ay əvvələ keçirilməsi ölkəmizdə keçiriləcək müxtəlif səpkili, beynəlxalq, çox mötəbər tədbirlərlə əlaqədardır". Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

O bildirib ki, artıq sentyabr ayından başlayaraq noyabr ayının sonlarına kimi ölkəmizdə bir sıra beynəlxalq tədbirlər keçiriləcəkdir: "Xüsusilə də, noyabr ayında COP29 tədbirinin keçirilməsi və bu tədbirlər də çoxlu sayda qonaqların ölkəmizdə səfərdə olmasını nəzərdə tutulur. Eyni zamanda bu tədbirlərdə çoxlu sayda dövlət başçıları, hökumət başçıları, parlament sədrləri iştirak edəcəkdir. Bu baxımdan da bu tədbirlərin ən yüksək səviyyədə keçirilməsi nəzərə alınmaqla parlament seçkilərinin təxminən iki ay əvvələ çəkilməsi qərara alındı.

Əlbəttə ki, 1 sentyabr 2024-cü il tarixində keçiriləcək parlament seçkiləri tarixi bir hadisədir. Ona görə ki, ilk dəfə olaraq Azərbaycan öz suverenliyini tam təmin etdikdən sonra bütün Azərbaycan ərazisində parlament seçkiləri məhz bütün suveren ərazilərimizdə keçiriləcək. Bildiyimiz kimi hələ 2024-cü ilin 7 fevral tarixində ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində Prezident seçkiləri keçirildi. Bu, tarixi hadisə idi. 2020-ci ildəki Vətən müharibəsində Azərbaycanın tarixi və möhtəşəm qələbəsi müzəffər Ali Baş Komandanımızın komandanlığı ilə baş verdi. Azərbaycan tarixində ən parlaq qələbə qazanaraq torpaqlarımız işğaldan azad olundu. 2023-cü ilin sentyabrında bir gündən də az davam edən lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan suverenliyini tam təmin etdi. Fevral ayının 7-də Prezident seçkiləri keçirildi. Bu il, 2024-cü ilin sentyabr ayının 1-də keçiriləcək parlament seçkiləri də çox önəmli, tarixi hadisədir ki, Azərbaycanın bütün ərazilərində artıq suverenliyimiz təmin olunub. İlk dəfə olaraq bu seçkilər keçiriləcəkdir.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə