“Ermənistan terroru dövlət siyasəti səviyyəsində həyata keçirir” - ŞƏRH OLUNDU

“Bu gün bəşəriyyətin qarşısında duran əsas təhlükələrdən biri də mina terrorudur. Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdəndir. Bu isə dünyanın ən böyük mina terrorçusunun Ermənistan olduğu məntiqi nəticəsini çıxarmağa imkan verir. Onsuz da Ermənistan terroru dövlət siyasəti səviyyəsində tətbiq edib və Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə də 1.5 milyondan artıq minanı torpaqlarımızda basdırıb. Bu da sözsüz ki, Azərbaycan xalqına qarşı davamlı olaraq mina terrorunu həyata keçirməyə imkan verir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, 1991-ci ildən günümüzə qədər 3429 soydaşımız Ermənistanın mina terrorunun qurbanı olub: “Həlak olanların böyük əksəriyyəti mülki şəxslərdir. Bu da çox ciddi narahatlıq yaradır. Nəzərə almaq lazımdır ki, bu gün BMT səviyyəsində ərazilərin minalardan təmizlənməsi məsələsi diqqət mərkəzindədir. Hazırda dünyanın 30 ölkəsində BMT-nin müvafiq strukturunun iştirakı ilə ərazilərin minalardan təmizlənməsi həyata keçirilir. Azərbaycan da Ermənistanın mina terroru ilə bağlı sistemli şəkildə əhatəli məlumatları müvafiq stansiyalara ötürüb, məsələ ilə bağlı reaksiya bildirmələri üçün davamlı olaraq çağırışlar edir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bu günə qədər beynəlxalq təşkilatlar səviyyəsində Ermənistanın Azərbaycan xalqına qarşı bu gün də mina terroru ilə bağlı hər hansı bir mövqe bildirilməyib, bəyanat verilməyib. Bunun özü də elə mina terroruna qarşı mübarizə sahəsində ikili yanaşmaların göstəricisidir.

Bu gün mina terroruna qarşı mübarizə tək bir ölkənin işi deyil. Ümumiyyətlə dünya səviyyəsində 60 milyondan artıq insan mina təhlükəsi ilə üz-üzədir. Buna görə də burada selektiv yanaşma olduqca təhlükəlidir. Azərbaycan da hər zaman həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır, Ermənistanın terrorçu siyasəti haqqında dünya dövlətləri, beynəlxalq təşkilatları ardıcıl şəkildə məlumatlandırır. Lakin uyğun reaksiyanı müşahidə etmirik. Azərbaycan isə öz resursları, gücü hesabına bu təhlükənin öhdəsindən gəlir. Biz ərazilərimizi minalardan təmizləyirik, amma bu sözsüz ki, beynəlxalq təşkilatları və Ermənistanı məsuliyyətdən kənarda qoymur. Mütləq şəkildə onlar müvafiq reaksiyanı nümayiş etdirməlidirlər. Ermənistan da digər cinayətləri ilə yanaşı, mina terroru cinayətinə görə də ayrıca cavab verməlidir. Bütün hüquq normaları çərçivəsində Ermənistan bu cinayətlərinə görə, mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır.

Təəssüflə qeyd etmək lazımdır ki, torpaqlarımızı işğaldan azad etdikdən sonra da Ermənistan 2021-ci il istehsalı olan minaları Laçın yolundan istifadə etməklə ərazilərimizdə basdırırdılar. Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsini quranda buna qarşı Avropa ölkələri, beynəlxalq təşkilatlar çıxışlar etdilər. Sözsüz ki, onların Ermənistanın etdikləri ilə bağlı təsəvvürləri var idi. Bunları bilə-bilə yenə də Azərbaycanın haqlı addımlarına qarşı çıxırdılar. Amma Azərbaycanın mövqeləri hər zaman olduğu kimi qalib gəldi. Biz ərazilərimizi minalardan təmizləyəcəyik. Amma Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi mina terrorunun məsuliyyətindən kənarda qalmasına da icazə verməyəcəyik. Bunun üçün bizim bütün istiqamətlərdə imkanlarımız, gücümüz mövcuddur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə