“Azərbaycan polisi qonşu ölkələrlə müqayisədə yüksək peşəkarlığı ilə fərqlənir” - EKSPERT BİLDİRDİ

“106-cı ildönümünü qeyd etdiyimiz Azərbaycan polisi Daxili İşlər Nazirliyinin tərkibinə daxil olan əsas strukturlardan biri kimi dövlətimizin formalaşmasında, milli maraqlarımızın qorunmasında, cinayətkarlığa qarşı aparılan mübarizədə öz bilik və təcrübəsindən geniş istifadə edir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bildirib ki, Azərbaycan polisi digər qonşu və müttəfiq ölkələrlə müqayisədə yüksək peşəkarlığı və təchizatı ilə fərqlənir: “Ali Baş Komandanımız da daim güc strukturlarının və hüquq-mühafizə orqanlarının təchizatına göstərdiyi yüksək qayğı və diqqət nəticəsində hazırda Daxili İşlər Nazirliyinin tabeliyində olan polis və daxili qoşun birləşmələrinin təminat və təchizatında çox ciddi irəliləyişlər müşahidə olunur. Kifayət qədər möhkəm struktura malik olan Azərbaycan polisi ölkəmizin ictimai-siyasi sabitliyinin qorunmasında misilsiz xidmətlər göstərir”.

Ə.Verdiyevin sözlərinə görə, Azərbaycan polisinin ərazi bütövlüyümüzün bərpası istiqamətində apardığı fəaliyyətlər də kifayət qədər genişmiqyasa malikdir: “Bütün bu xidmətlər Ali Baş Komandan İlham Əliyev tərəfindən daim layiqincə qiymətləndirilib. Yaranmasının 106-cı ildönümünü qeyd etdiyimiz Azərbaycan polisini təbrik edir, onlara ağır və məsuliyyətli vəzifələrində müvəffəqiyyətlər arzu edirəm”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə