Bütöv Azərbaycanın ilk Parlament seçkilərinə doğru - TƏHLİL

2020-ci ilin 8 noyabrı Azərbaycan tarixinin səhifələrinə qırmızı xətlə düşmən Ermənistan üzərində Böyük Zəfəri yazdısa, 2023-cü ilin 20 sentyabrı Böyük Zəfərin davamı olaraq lokal antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün və süverenliyimizin tam bərpası oldusa, 2024-cü ilin 7 fevralı şanlı tariximizə bütöv Azərbaycanda ilk Prezident seçkiləri kimi yazıldı və 1 sentyabrı isə Parlament seçkilərinin keçirildiyi gün kimi yazılacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" 28 iyun 2024-cü il tarixli Sərəncamı ilə sentyabr ayında Azərbaycan vətəndaşları seçki məntəqələrinə yollanaraq uzun illərdir, ölkəmizdə həyata keçirilən şəffaf və obyektiv seçki qaydası əsasında öz seçimlərini edərək millət vəkillərini seçəcəklər.

2020-2023-cü illər torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün tam təmin olunması ölkə vətəndaşları tərəfindən qürur və sevinclə qarşılandı, həm Prezident, həm də Milli Məclisə seçkilərlə bağlı sərəncamlar da eyni hisslərlə qarşılandı. Çünki seçkilərin bütöv Azərbaycanda keçiriləcəyi günü hər bir vətəndaş uzun illərdən bəri gözləyirdi.

Parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olundu.

Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət etdi. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verdi.

Qanunvericiliyə uyğun olaraq Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirdiyi iclasında Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsinin Konstitusiyaya uyğun olması barədə qərar qəbul edildi. Bundan sonra dövlətimizin başçısı məlum Sərəncamı imzalamaqla seçkiləri sentyabr ayının 1-nə təyin etdi.

İyunun 28-də isə Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirildi və sessiya bağlı elan edildikdən sonra VI çağırış Milli Məclis işini yekunlaşdırdı.

Seçki dairələrinin hüdudlarında və adlarında da qismən dəyişikliklər olundu

İyunun 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirildi. İclasda "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" 2023-cü il 5 dekabr tarixli Qanunla əlaqədar olaraq bəzi seçki dairələrinin hüdudlarında dəyişiklik edilməsi məsələsinə baxıldı. Komissiya sözügedən Qanunu və Seçki Məcəlləsinin tələblərini əsas götürərək, habelə yerli və digər şərait nəzərə alınmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyini diqqətdə saxlayaraq 96 saylı Goranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin hüdudlarında və adlarında qismən dəyişikliklər olunmasına qərar verdi. Qərara əsasən yuxarıda qeyd edilən seçki dairələri müvafiq olaraq 96 saylı Goranboy-Naftalan, 97 saylı Tərtər-Ağdərə-Goranboy, 118 saylı Ağdam-Xocalı, 119 saylı Ağdam və 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi adlandırıldı.
Həmçinin iclasda MSK-nın normativ xarakterli aktlarına dair məsələyə baxıldı və bir sıra normativ xarakterli aktlar son dövrlər qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırıldı.

Seçkilərə start verildi

İyunun 29-da Mərkəzi Seçki Komissiyasının növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirildi və bununla da MSK parlament seçkilərinə rəsmən start verdi.

Gündəlikdə duran - Milli Məclisə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planının təsdiqi, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırllması məqsədilə MSK-nın nəzdində ekspert qrupu yaradılması, həmçinin imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupu yaradılması və tərkibinin müəyyən edilməsi məsələlərinə də baxıldı.

Eyni zamanda, Azərbaycan Respublikasının bütün seçki dairələrində müşahidə aparılması məsələlərinə də baxılıb və seçki dairəsi ərazisində müşahidə aparmaq üçün müvafiq seçki dairələrinə təqdim edilməsi isə Sərəncamın rəsmi dərc edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək, yəni, avqustun 27-nə qədər davam edəcək.

Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin müvafiq dairə seçki komissiyalarına təqdim edilməsi səsvermə gününə ən çox 50, ən azı isə 30 günə qalmışa qədər 18:00-dək davam edəcək. Yəni, bu proses iyulun 13-dən başlayacaq və avqustun 2-si 18:00-da yekunlaşacaq.

Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin verilməsi avqustun 29-dək davam edəcək. Bu proses səsvermə gününə 3 gün qalanadək davam edir.

Namizədlərin seçki dairələri üzrə siyahısının dərc olunması avqustun 12-dək davam edəcək. Seçkiqabağı təşviqatın aparılması səsverməyə 23 gün qalmış başlayacaq və səsverməyə 24 saat qalmış yekunlaşacaq. Yəni, bu proses avqustun 9-u başlayacaq, avqustun 31-i saat 08:00-da isə dayandırılacaq.

Seçki prosesi boyunca maarifləndirmə tədbirləri isə mütəmadi şəkildə həyata keçiriləcək.

Bütöv Azərbaycanda ikinci böyük seçkinin keçirilməsi qürurdur

Ötən il dekabrın 6-da "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər" Forumunda iştirak edib Prezident İlham Əliyevin Links Avropa Fondunun direktoru niderlandlı Denis Sammutun "Cənab Prezident, tarix sizi 2020-ci il Qarabağ müharibəsində qalib gəlmiş Lider kimi xatırlayacaq. Həmin Qələbə bir çox cəhətdən Sizin prezidentliyinizin dəst-xəttini müəyyənləşdirdi" ifadələrinə cavabı dövlət başçısının ötən 20 ilin başlanğıcındakı iradəsinin tərənnümü oldu: Müsahibələrin birində demişdim ki, əraziləri azad etmək mənim siyasi həyatımın əsas məqsədini təşkil edir və fəxr edirəm ki, bu məqsədlərə nail olunub. Necə xatırlanacağım bir çox amillərdən asılı olacaq. Düzünü desəm, bu barədə düşünməyə belə vaxtım yoxdur. Bu barədə düşünsəm də, buna təsir etmək mənim iradəmdən asılı deyil. Sülhlə bağlı onu deyə bilərəm ki, düşünürəm, biz sülh gətirmişik. Biz sülhü müharibə ilə gətirdik. Düşünürəm ki, bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Hərbi yolla sülhə necə nail olmaq olar? Uzun illər danışıqlar və işğal zamanı mən Minsk qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi. Dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, onlar yanılırdılar. Düşünürəm ki, ya sadəcə, yanlış qiymətləndirdiklərinə görə yanılırdılar, ya da bu, Azərbaycana bir növ mesaj idi ki, siz sülh ssenarisindən başqa ssenariyə əl atsanız, uğur qazana bilməyəcəksiniz. Biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu.

2020-ci ilə qədər torpaqlarımızın azad olunması ilə bağlı mühüm proseslər həyata keçirildi. Ən əsası ölkə iqtisadiyyatı inkişaf etdi, ordu quruculuğu sahəsində yüzilliklərə sığan işlər görüldü. Qarabağ probleminin dinc yolla həlli istiqamətində illərlə iş aparılsa da, lakin bu sahədə uğurlu nəticə əldə olunmamışdı. Çünki Azərbaycanın sülh səsinə beynəlxalq aləm cavab vermədi. Ermənistan respublikası isə nəinki torpaqlarımızı sülh yolu ilə qaytarmaq istəmədi, hətta yeni işğalçılıq siyasətini davam etdirdi.

Dövlətimizin başçısı isə xalqa bütün müraciətlərində, hətta beynəlxalq kürsülərdə çıxışlarında belə vurğulayırdı ki, torpaqlarımızın sülh yolu ilə qaytarılması mümkün olmasa, bu, hərb yolu ilə olacaq.

2020-ci il torpaqlarımızın işğalda qaldığı son il oldu. Sentyabrın 27-də Ermənistan hərbi birləşmələrinin yeni torpaq iddiaları ilə sərhədlərimizə hücumu milli ordumuzun tutarlı cavabı ilə dayandırıldı. Və həmin gün ölkəmizdə ikinci Vətən müharibəsinin başlandığı gün oldu.

43 gün davam edən müharibənin 44-cü günü millətimizə qələbə bəxş etdi. Qarabağ torpaqlarında şiddətli döyüşlər getdi. Şəhidlər verdik, qazilərimiz oldu. Lakin bir-birinin ardınca torpaqlarımızı erməni nankorlarından geri aldıq. Azərbaycan Milli Ordusu Ali Baş Komandanımızın rəhbərliyi ilə dünyanı heyrətə gətirən döyüş taktikası həyata keçirdi. Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Şuşa işğaldan azad edildi. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyannaməyə əsasən Ağdam, Kəlbəcər və Laçının boşaldılması üçün düşmənə vaxt verilməsi isə dövlətimizin başçısının humanistliyini dünyaya bəyan etdi. Həmin ilin sonunadək həmin üç rayonumuz da erməni tapdağından xilas edildi, hüriyyətinə qovuşdu. Beləliklə, 30 il ərzində ev-eşiyindən, doğma yurdundan erməni qəsbkarları tərəfindən silah gücü ilə çıxarılan minlərlə məcburi köçkünümüzün tapdanmış hüquqları bərpa olundu.

Onların yurduna-evinə qayıtması üçün hələ müharibə bitməmiş, torpaqlarımız bir-bir azad olunduqca quruculuq və bərpa işlərinə dərhal başlandı ki, bu da dövlətimizin qüdrətini göstərməklə yanaşı, həm də hər bir qaçqın, köçkünə, ümumilikdə Azərbaycan vətəndaşına qayğının, ölkədə insan amilinə verilən dəyərin təzahürü idi.

Tariximizin şanlı səhifəsini təşkil edən Qarabağ Zəfəri Prezidentin praqmatik fəaliyyətinin nəticələridir. O nəticələr ki, həm də Azərbaycanın güclü, eyni zamanda sülhsevər dövlət olduğuna dünyanın şahidliyidir. Ən əsası isə Azərbaycan vətəndaşının qürur yeridir. Odur ki, bütöv Azərbaycanda ilk dəfə Prezident seçkilərində olduğu kimi, qarşıdakı Milli Məclisə seçkilərdə də xalq öz düzgün seçimi ilə namizədlərinə səs verməklə, Azərbaycanın müasir tarixində yeni bir səhifəni açmış olacaq.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə