"Oturuşmuş "Böyük Qayıdış" və köç prosesi sürətlə davam edir" - ŞƏRH EDİLDİ

""Böyük Qayıdış"la bağlı dövlət proqramının həyata keçirilməsi intensiv şəkildə davam edir. Artıq yay ayları ərzində intensiv köç prosesi sürətlənəcək. Artıq Şuşaya "Böyük Qayıdış" başlayıb. Biz bu yay ərzində və ilin sonuna kimi Şuşaya şəhər sakinlərinin işğaldan sonra ilk dəfə daimi yaşayış üçün qayıtmasının şahidi olacağıq. Bildiyiniz kimi Laçın şəhərində artıq əsas məskunlaşma başa çatmışdır. İndi bu prosesin davamı gedir. Laçın gündən-günə gözəlləşir, inkişaf edir. Oturuşmuş "Böyük Qayıdış" və köç prosesi sürətlə davam edir. Eyni zamanda Füzuli şəhəri də bu proqram çərçivəsində müvəffəqiyyətlə sakinlərini qarşılayır. Dövlət proqramı bu istiqamətdə də həyata keçirilir.". Bu sözləri SİA-ya açıqlamasında deputat Tural Gəncəliyev deyib.

Deputat bildirib ki, bunlar hamısı davam edən, geniş vüsət almış quruculuq, bərpa işləri ilə birlikdə gedir: “İnfrastruktur sistemi, yollar, körpülər, tunellər, hava limanları çox sürətlə tikilməkdədir. Bunu biz hər dəfə Qarabağ iqtisadi zonasına, Şərqi Zəngəzur iqtisadi zonasına səfər edəndə görə bilirik. Dövlətimiz böyük büdcə vəsaitlərini məhz Qarabağ iqtisadiyyatının inkişafı üçün ayırır, insanların geri qayıtması üçün zəmin hazırlayır. Eyni zamanda Qarabağın və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, rifah halını yüksəltməsi bu prosesin ətrafında gedən siyasi proseslərlə də məntiqi sonluğunu tapacaq. Çünki Ermənistanla bütün problematik məsələləri həll etdikdən, Azərbaycanın suverenliyi bərpa edildikdən, Qazaxın 4 kəndi qaytarıldıqdan sonra Ermənistanla Azərbaycan arasında sərhəd delimitasiya və demarkasiya prosesi çərçivəsində ilk sərhəd nişanının torpağa basdırıldığı kontekstdə bu məsələyə baxsaq, "Böyük Qayıdış"ın daha təhlükəsiz, daha müvəffəqiyyətlə olacağı göz qabağındadır. Çünki Qarabağ bölgəsi üçün heç bir təhlükə qalmır, beləliklə də, bu prosesi yekunlaşdırmaq daha müvəffəqiyyətli olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə