Qərbin ikili standartları- unudulmuş suriyalı miqrantlar

Qərbin ikili standartları- unudulmuş suriyalı miqrantlar

2011-ci ilin mart ayından dünya diqqətini Suriyanı alt-üst edən vətəndaş müharibəsinə yönəldib. Demək olar ki, müharibə başladığı gündən onun neqativ nəticələri ölkə hüdudlarından kənara çıxıb. 2024-cü ildə belə qalıcı həlli olmayan qaçqın böhranı həm dövlət, həm də beynəlxalq səviyyədə vəziyyətin hələ də nə qədər ciddi olduğunu göstərir. Başqa sözlə, müharibə ölkənin sərhədləri daxilində baş versə də, onun təsirləri bütün dünyada hiss edilir. Məsələ burasındadır ki, müharibə başlayan kimi Suriyanın qonşuları və digər supergüclər öz maraqlarını güdərək müdaxiləçi davrandı və daxili parçalanmanı əhəmiyyətli dərəcədə artırdı. Beləliklə vətəndaş müharibəsi zəncirvari reaksiyaya səbəb oldu və beynəlxalq tərəflərin iştirakı ilə mürəkkəb situasiyaya çevrildi.

Suriyada böhran başlayandan bəri üç milyondan çox suriyalı; Türkiyə, Livan, İordaniya, İraq kimi qonşu ölkələrə sığınıb. Bu prosesdə əksəriyyəti qonşu ölkələr olmaqla digər ölkələrə daxil olan miqrantlara “Müvəqqəti Qoruma Statusu” verilib. Müvəqqəti qoruma; müharibə dövründə ölkəsini tərk etməyə məcbur olmuş, tərk etdiyi ölkəyə qayıda bilməyən və sərhədləri keçən əcnəbilərə təcili və təxirəsalınmaz yardım məqsədi ilə təmin edilən statusa deyilir. Belə ki, BMT tərəfindən ortaya atılan və milyonlarla suriyalını əhatə edən Müvəqqəti Qorunma statusu günümüzdə bir çox sual doğurur. Məsələ burasındadır ki, Suriyada vətəndaş müharibəsinin başlanmasından bəri miqrantlarla bağlı planlar qısa-perspektivli düşünülüb. BMT və miqrant məsələsindən ən çox əziyyət çəkən Türkiyə daxil olmaqla əksər qurum hal-hazırda miqrantlarla nə edəcəyindən əmin deyil.

Digər tərəfdən qaçqın böhranı regional sabitliyə ciddi təhlükə yaradır. Uzun illərdir ki, suriyalı miqrantların intensiv şəkildə sığındığı Türkiyə, Livan və İordaniya kimi qonşu ölkələr bu böyük insan axınının yaratdığı iqtisadi, sosial və siyasi təzyiqlərlə üzləşirlər. Beləliklə ölkələrin infrastrukturlarına düşən ağır yüklər yerli əhali ilə qaçqınlar arasında gərginliyin artmasına və regional qeyri-sabitliyin dərinləşməsinə də səbəb olur. Eyni zamanda miqrantların törətdiyi qanunsuzluqlarla birgə onların məruz qaldıqları zorakılıq, insan alveri kimi hallar günümüzdə də ölkələr üçün əsas təhlükəsizlik məsələsidir.

Günümüzdə beynəlxalq ictimaiyyətin Suriyadakı miqrant böhranı ilə bağlı davamlı həll yolu tapmaq səyləri daha da çətinləşib. Supergüclər arasında rəqabət, regional münaqişələr və maraqların toqquşması Suriyadakı böhranın həlli üçün beynəlxalq səylərə mane olur. Bu vəziyyət miqrant böhranının həllinə nail olmağı daha da çətinləşdirir. Onu da qeyd edək ki, Suriyadan başlayan qaçqın böhranı sadəcə olaraq bir ölkənin daxili problemi deyil, regional və qlobal təsirləri olan mürəkkəb problemdir. Ona görə də beynəlxalq ictimaiyyət böhranın kökünə varmaq və bütün tərəflərlə əməkdaşlıqda qalıcı həll yolu tapmaq üçün səylərini artırmalıdır. Lakin görünən odur ki, beynəlxalq ictimaiyyətin bu böhrana yanaşması böhranın ölçüləri ilə mütənasib deyil. Bir çox beynəlxalq aktorlar Suriyadakı qaçqın böhranını öz prioritetləri sırasına aid etmir və digər problemlərlə məşğuldurlar. Belə bir vəziyyətdə beynəlxalq ictimaiyyətin qaçqın böhranına qarşı qeyri-həssaslığı tənqid edilməlidir. Belə ki, miqrant böhranı ilə bağlı daha effektiv yanaşma tətbiq edilməli və bu, böhranın əsas səbəblərini anlamaq, miqrantlara kömək etmək və münaqişənin həlli üçün beynəlxalq əməkdaşlığı gücləndirmək lazımdır. Bundan əlavə, beynəlxalq ictimaiyyət başqa krizlərlə yanaşı miqrant böhranını da əsas prioritet kimi qəbul etməli və böhranın həlli üçün bütün tərəflərlə əməkdaşlıq etməlidir. Əsas olan isə qərbin ustalıqla yönləndirdiyi beynəlxalq ictimaiyyətin ikili standartlardan uzaqlaşıb miqrantların dərisinin rənginə önəm verməməlidir.

Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə