“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib - FOTOLAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında Bakı Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib. SİA xəbər verir ki, FHN-in təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirin açılışında çıxış edənlər yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Sonra yarışa start verilib. Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub. Keçirilən yarışda Bakı Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələrinin komandaları iştirak ediblər.

Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən, 244 nömrəli tam orta məktəb birinci yerə, 220 nömrəli tam orta məktəb ikinci yerə, 236 nömrəli tam orta məktəb üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, yarışda ilk iki yeri tutan komandalar “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə