28 May - Müstəqillik Günü Bosniya və Herseqovinada qeyd olunub - FOTOLAR

Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib. SİA xəbər verir ki, mərasimdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü xanım Jelyka Tsviyanoviç, Bosniya və Herseqovinada fəaliyyət göstərən diplomatik korpusun, dövlət qurumlarının, parlamentin, ictimai, mədəni və işgüzar dairələrin, Sarayevoda yerləşən universitetlərin, elmi müəssisələrin təmsilçiləri, media nümayəndələri və bu ölkədə təhsil alan tələbələrimiz iştirak ediblər.

Ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev tədbirdə çıxış edərək, 106 il əvvəl mayın 28-də müsəlman dünyasında ilk parlamentli demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu bildirib, onun müstəqillik yolu haqqında danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün müstəqil, suveren və demokratik ölkəmizin Xalq Cümhuriyyətinin məqsəd və ideallarını həqiqətə çevirdiyini, beynəlxalq ictimaiyyət üçün etibarlı tərəfdaş olduğunu vurğulayıb.

Eyni zamanda, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində 2020-ci ildə ölkəmizin öz ərazi bütövlüyünü bərpa etdiyi, bu gün Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzurda geniş bərpa-quruculuq işləri apardığı xüsusi qeyd olunub.

Səfir Azərbaycanın bu il COP29-a ev sahibliyi etdiyini və bu istiqamətdə görülən işlər, bərpaolunan enerji sahəsində atılan mühüm addımlar, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilməkdə olan “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası, “xalis sıfır emissiya” zonası və “yaşıl enerji” layihələri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Azərbaycan-Bosniya və Herseqovina münasibətləri haqqında məlumat verən diplomat yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətindən və ikitərəfli əməkdaşlığın inkişafından bəhs edib. Geniş potensiala malik olan bu əlaqələrin inkişafı baxımından görülməsi vacib olan işlərdən danışıb.

Tədbir çərçivəsində Sarayevo Universitetinin Siyasi elmlər fakültəsində təhsil alan həmyerlimiz Rəfail Cəfərov Azərbaycan mahnıları ifa edib. Səfirliyin təşəbbüsü ilə boşnak dilinə tərcümədə nəfis şəkildə çap edilən “Qarabağın incisi - Şuşa” ensiklopedik sorğu kitabçası iştirakçılara hədiyyə olunub.

Azərbaycanın Müstəqillik Günü ilə bağlı qəbul mərasimi yerli media, o cümlədən televiziya vasitəsilə geniş işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə