“Müstəqillik gününü ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edirik” - DEPUTAT DANIŞDI

“Azərbaycan xalqı müstəqillik gününü tam fərqli olaraq, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş qalib xalq kimi qeyd edir. 106 il əvvəl müsəlman Şərqində ilk demokratik Respublika yarandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdi, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.

O bildirib ki, Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi: “Amma bu qısa dövr xalqımızın milli şüurunun, dövlətçilik ənənələrinin möhkəmlənməsi tarixi oldu. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni layiqincə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, milli atributlar - bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, milli ordu formalaşdı. Təsadüfi deyil ki, zəngin mədəni-tarixi ənənələrə malik olan Azərbaycanın ilk universiteti də təsis olundu. Bu, əslində təhsilin milliləşdirilməsi demək idi.

Müsəlman dünyasında ilk dəfə kişilərlə bərabər, qadınlara da seçmək və seçilmək hüququ verildi. Bu da o dövr üçün tarixi nailiyyət idi. Beləliklə, Xalq Cümhuriyyəti hökumətinin demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq əzmində olduğu növbəti dəfə təsdiqləndi. Zaman göstərdi ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir.
Cümhuriyyətin süqutundan sonra 70 il Sovet rejiminin basqıları Azərbaycan xalqının azadlıq ideallarını boğa bilmədi.
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövləti quruldu. 2021-ci il 15 oktyabr tarixində qəbul olunan “Müstəqillik günü haqqında” Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
Müstəqil Azərbaycan Respublikası hüquqi varis kimi nəinki bütün dövlətçilik ənənələrini bərpa edib, həm də dünyanın ən nüfuzlu söz sahiblərindən birinə çevrilib. Regionun lider ölkəsi omaqla bərabər, beynəlxalq miqyasda sözünə və imzasına böyük etimad göstərilən bir dövlətdir. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının ən etibarlı üzvü, Avropanın enerji təhlükəsizliyinin təminatçısı, bir-biri ilə ziddiyyətli münasibətdə olan böyük güclərin dialoq məkanı, irqindən, dinindən asılı olmayaraq bütün xalqların dinc və sülh şəraitində yaşadığı sabitlik adasıdır.
4 ildir Cümhuriyyətin qurulmasını qələbə ruhu ilə qeyd edirik. 30 illik işğala son qoyan Azərbaycan Ordusu tarixi Zəfər qazandı. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində isə Azərbaycan öz suverenliyini bərpa etdi.
Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın Şuşada, Xocalıda, Xankəndidə dalğalanması qürur verir. Prezident İlham Əliyevin üçrəngli bayrağımızı azad edilmiş bütün bölgələrdə qürurla qaldırması qələbəmizin təntənəsidir. Prezident İlham Əliyevin də söylədiyi kimi, Cümhuriyyət qurucuları sağ olsaydı, bugünkü Azərbaycanla fəxr edərdilər. Biz hazırda müstəqillik tarixinin ən parlaq dövrünü yaşayırıq. Sevindirici haldır ki, müstəqillik günü ilə bağlı dünyanın nüfuzlu dövlət başçılarından gələn təbriklərdə
də Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə ən yüksək səviyyədə dəstək ifadə olunur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə