Mərkəzi Asiya dövlətləri arasında Azərbaycanla Tacikistan münasibətləri xüsusi əhəmiyyət kəsb edir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluğu ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayır.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri mühüm əhəmiyyət kəsb edirdi. Ölkə başçısı cənab İlham Əliyevin cari ilin 23 may tarixində mətbuata verdiyi bəyanatında iki ölkə arasında münasibətlərin perspektivləri ilə bağlı məsələləri bölüşərək bir çox vacib məsələlərə toxunmuşdur.

Ölkə başçısı cənab İlham Əliyev mətbuata verdiyi bəyanatında çıxış edərək bildirmişdir ki, “Bu gün nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə, həmçinin təkbətək görüş əsnasında qarşılıqlı fəaliyyətimizlə bağlı məsələlərin geniş spektrini müzakirə etdik, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq üzrə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair hökumətimizin üzvlərinə konkret tapşırıqlar verdik. İlin sonunda Emoməli Şaripoviç yenidən ölkəmizə səfər edəcək, biz bir daha bütün məsələləri nəzərdən keçirəcək və verilən tapşırıqların yerinə yetirilməsinə nəzarət edəcəyik. Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu. Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik. Əminəm ki, tacik dostlarımız bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklər. Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Biz indicə münasibətlərimizin xarakterini, ruhunu, həmçinin xalqlarımızın iradəsini əks etdirən Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq. Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub. Bu gün iqtisadi əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb. Bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir.

Tacikistan Prezidentinin səfəri ərəfəsində biznes-forum keçirildi, bu forumda da sənədlər və qarşılıqlı anlaşma memorandumları imzalandı və bu barədə bu gün bizə məlumat verildi. Hesab edirəm ki, bu, bizə qarşılıqlı ticarətin həcmini xeyli artırmağa imkan verəcək”. Cənab İlham Əliyev tərəfindən sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq, habelə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair tapşırıqlar verilib. Azərbaycanla Tacikistan arasında münasibətlər ən yüksək səviyyəyə çatıb və Strateji Tərəfdaşlıq Bəyannaməsində qarşılıqlı dəstək ilə barabər konkret nəticələrə diqqətin ayrılması vurgulanıb. Ölkələrimiz arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə bərabər ümumilikdə 14 sənəd imzalanıb. İmzalanmış sənədlər ölkələrimiz arasında münasibətlərimizin bazasını xeyli möhkəmləndirir. Vurğulamaq lazımdır ki, ölkələrimiz arasında mədəniyyət sahəsində də əlaqələrin yüksək şəkildə inkişafı mühüm hadisədir. Azərbaycan və Tacikistan dövlətləri arasında münasibətlərin inkişaf etdirilməsi üçün hər iki ölkə başçısının siyasi iradəsi mövcuddur və bu da birmənalı olaraq xalqlarımızın rifahının yüksəldilməsinə xidmət edir.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə