"Hər hansı bir dövlətin bu bölgəyə müdaxiləsi yolverilməzdir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Ölkə başçısı cənab İlham Əliyev İranla sərhəddə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız qalası" hidroqovşağının açılış mərasimində bir çox maraqlı fikirləri ilə diqqəti cəlb etdi". Bu sözləri SİA-ya açıqlamasında Vüqar İskəndərov deyib.

O bildirib ki, əvvəla Azərbaycan-İran arasındakı münasibətlərin yüksələn xətlə inkişafda olduğu qeyd edildi: "Bizim çoxəsrlik qonşuluq münasibətlərimiz mövcuddur. İndiyə qədər baş verən hər hansı problemlər təbii olaraq iki dövlətin arasında həll olunması üçün hər iki tərəf addımların atılmasını təmin etməyə başlayıb. Sözün əsl mənasında Azərbaycan və İran bölgədə digər güclərin hər hansı hərəkətinə və bura daxil olmasına icazə verməyəcəklərini qətiyyətlə söylədilər. Cənab İlham Əliyev konkret olaraq hər hansı dövlətin bu bölgədə heç bir işinin olmadığını, bu coğrafi ərazidə söz sahibləri olan ölkələrin qonşu və bölgə dövlətləri olduğunu bildirdi. Onlar həm aralarındakı münasibətləri özləri tənzimləyirlər, həm də bölgədə baş verən hadisələri özləri çevik reaksiyalar verərək hər hansı problem çıxarsa, onu özləri də həll etməyi qarşılarına məqsəd qoyurlar".

Onun sözlərinə görə, indiki situasiyada Ermənistandan başqa qonşu dövlətlərlə bütün yüksək səviyyəli münasibətlər mövcuddur: "Ermənistanla da artıq delimitasiya, demarkasiya məsələləri başlayıb. Sülh gündəliyinin və Çərçivə sazişinin imzalanması üçün kifayət qədər işlər görülüb. Məsələnin unikallığı ondan ibarətdir ki, bu məsələləri, görüşləri vasitəçi dövlət, yaxud da hansısa qurum olmadan iki dövlət öz arasında həll edir. Çox yaxşı nümunələr də ortaya qoyur. Hər hansı bir dövlətin bu bölgəyə müdaxiləsi yolverilməzdir. Ölkə başçısı fikrinin əsas qayəsində bu durur ki, burada nə baş verirsə, verəcəksə, əsasən qonşu dövlətlər və bölgənin dövlətləri və xalqları öz aralarında bütün məsələləri çox normal və sivil yolla həll edə bilirlər. Bu, daim də belə olacaq. Ona görə də düşünürük ki, indiki situasiyada Azərbaycan qonşu dövlətlərlə həm ikitərəfli, həm çoxtərəfli münasibətlərin inkişafında maraqlıdır. Gələcəkdə də hər hansı dövlətlə anlaşılmazlıq baş verəndə iki dövlət öz arasında bu münasibətləri vasitə olmadan çox yaxşı şəkildə, rasional həll etmək qabiliyyətini ortaya qoyurlar. Ölkə başçısı fikirlərində bu məsələlərə toxundu və həm də belə maraqlı olan ölkələrə bir növ mesaj da ötürdü".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə