Türkmənistan ilk dəfə Türk dünyası Vəkillər kollegiyaları rəhbərlərinin görüşünə qatılıb - Anar Bağırov

Türkmənistanın ilk dəfə Türk dünyası Vəkillər kollegiyaları rəhbərlərinin görüşünə qatılması böyük uğurdur. SİA xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov mayın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin və ARVK-nın birgə təşkilatçılığı ilə keçirilən Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əvvəllər TÜRK-AV-ın yaradılması, onun fəaliyyəti və iştirak etdikləri toplantılarda bir çox planları olub, lakin müəyyən səbəblərə görə həmin planları həyata keçirə bilməyiblər.

“TÜRK-AV çox geniş bir format idi. Burada tək türk dilində danışan ölkələr deyildi, başqa dövlətlər də iştirak edirdi. Təbii ki, bu cür təşkilatın yaradılması asan deyildi, çətinliklər də yaranırdı. Ancaq çox sevinirəm ki, Türkiyə Barolar Birliyinin prezidenti dəyərli Erinç bəylə birgə apardığımız razılıq əsasında bugünkü zirvə toplantısı baş tutdu. İlk dəfə olaraq bütün Türk dünyasının Vəkillər kollegiyalarının rəhbərləri bu görüşə qoşuldu. Fürsətdən istifadə edib bütün həmkarlarıma öz adımdan, Azərbaycan vəkil korpusu adından dərin minnətdarlığımı bildirirəm. Böyük uğurumuz isə türkmənistanlı həmkarlarımızın da ilk dəfə görüşə qatılmasıdır. Məlum olduğu kimi, bizi birləşdirən bir çox dəyərlər var. Bu gün həm tarixi, həm mədəni, həm də iqtisadi dəyərlər bizi birləşdirir”.

A.Bağırov bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdu və bir milyona yaxın qaçqın, məcburi köçkünlər öz ata-baba yurdlarından didərgin düşmüşdülər:

"BMT-nin çıxardığı qətnamələr icra olunmurdu. Vətən müharibəsi zamanı ərazilərimizi düşməndən azad etdik. Hazırda Azərbaycan xalqı qalib və qürurlu xalq kimi tanınır. Bunların hamısı asan yolla olmadı, biz çox əziyyətlər çəkdik, İnsanlarımızın haqları pozuldu. Ancaq bizə ən böyük dəstək göstərən kim oldu? Əlbəttə, Türkiyə dövləti! Biz isə bunu heç vaxt unutmayacağıq. Bu bizim tariximizdə əbədi olaraq qalacaq. Dostluğumuz sözdə yox, əməldə öz təsdiqini tapdı”.

Bütün xəbərlər Facebook səhifəmizdə