“Həmrəylik halqası” təşəbbüsü regionun enerji təchizatı üçün vacibdir - Bolqarıstan Prezidenti

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında münasibətlərin mühüm aspektidir. SİA xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

“Ölkələr arasında enerji sahəsində əməkdaşlıq çox vacibdir. 2022-ci ildə Azərbaycan, Yunanıstan və Bolqarıstan arasında saziş imzalanıb. Avropa İttifaqı da bu təşəbbüsü alqışlayıb. Bundan sonra Prezident Əliyev bir daha Bolqarıstana səfər edib və biz “Həmrəylik halqası” təşəbbüsü ilə bağlı sənəd imzaladıq ki, bu da bütün regionun enerji təminatı üçün çox vacibdir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sofiyada da ofis açıb”, - o bildirib.

Bolqarıstan Prezidentinin sözlərinə görə, enerji sahəsində əməkdaşlıqla yanaşı, nəqliyyat, təhsil sahəsində əməkdaşlıq da yüksək səviyyədədir: “Bütün bunlar bir daha təsdiqləyir ki, biz bu gün Azərbaycan və Bolqarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə imzalamışıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə