"Dünya müharibəsinin başlanması rəsmən olmasa da,.." - MÖVQE BİLDİRİLDİ

"Hazırda dünya müharibəsinin başlanması rəsmən olmasa da, baş verən proseslər, son aylarda dünyada gedən təhlükəli müharibələr, qanlı toqquşmalar, ölkələr arasındakı müharibələrin aparılması deməyə əsas verir ki, artıq bunun işarələrini görürük". Bu sözləri SİA-ya açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

O bildirib ki, məlum olduğu kimi son dövrlərdə Ukrayna-Rusiya qarşıdurması, İsrail-Fələstin, Həmas müharibəsi, İranın İsraillə olan münaqişəsi, dünyanın bəzi nöqtələrində olan hərbi münaqişələr deməyə əsas verir ki, artıq dünya müharibəsinin başlanması astanasındayıq: "Təbiidir ki, bu da dünyada gedən prosesləri daha da gərginləşdirir. Müharibələrin fəlakətini, miqyasını böyüdür, arealını genişləndirir. Bu da dünya, ümumiyyətlə, bəşəriyyət üçün çox təhlükəli nəticələrə gətirib çıxara bilər.

Təbiidir ki, ölkələrin, xüsusilə də, atom silahına malik olan böyük güclər - Amerika və Rusiya arasında baş verən bu proseslər, qanlı toqquşmalar çox böyük təhlükələr vəd edir. Çünki tərəflər bir-birini atom-nüvə silahı ilə təhdid edirlər. Əgər atom və nüvə silahından istifadə olunarsa, bu da bəşəriyyət, insanlıq üçün çox böyük faciələrə gətirib çıxarar. Hətta dünyanın böyük fəlakətlərlə üz-üzə qalması reallaşa bilər. Ona görə də dünya ölkələri, dünyanın böyük gücləri təmkinli olmalıdırlar. Onlar bu prosesləri daha çox sülh, danışıqlar masası arxasında həll etməyə çalışmalıdırlar. Nəhayət, əgər belə olarsa, insanlıq və bəşəriyyət üçün çox böyük töhfə vermiş olarlar".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə