Azərbaycanda insan hüquq və azadlıqları ən yüksək səviyyədə qorunur – ŞƏRH EDİLDİ

“ABŞ Dövlət Departamentinin insan haqlarının vəziyyətinə dair illik hesabatında Azərbaycanla bağlı fikirlər ikili standartların mövcud olduğunu, müxtəlif subyektiv fikirlərin daha çox üstünlük təşkil etdiyini göstərir və qərəzli xarakter daşıyır. Hesabatda ölkəmizdəki insan haqları ilə bağlı vəziyyət subyektiv mülahizələrə, ermənipərəst mövqelərə əsaslandığından buradakı iddiaları qərəzsiz hesab etmək olar". Bu barədə SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Dövlət Departamentinin hesabatını şərh edərkən bildirib.

A.Hüseynov qeyd edib ki, hesabatda ölkəmizlə bağlı məlumatlar təhrif edilib, müxtəlif antimilli qüvvələrin rəy və fikirlərinə istinad olunub, Azərbaycan dövlətinin rəsmi strukturlarının məlumatlarından istifadə edilməyib: “Bu isə hesabatda müxtəlif QHT-lərin böhtan xarakterli informasiyalarına geniş istinad edildiyinə dəlalət edir və sənədin obyektivliyini şübhə altına alır. Hesabatın Azərbaycana aid hissəsində 2023-cü il sentyabrın 19-20-də Qarabağda nəzarəti tam ələ keçirmək üçün antiterror tədbirləri keçirilməsindən bəhs edilir. Bəli, Azərbaycan öz suveren ərazilərində separatçılara, ərazilərimizdə soyqırımı törədən, dini, milli ayrıseçkilik salan terrorçulara qarşı əməliyyat keçirdi. Bundan əvvəl isə dəfələrlə onlara silahı yerə qoymaq təklif olundu, dünya birliyi tərəfindən tanınan Azərbaycan ərazilərində başqa ölkənin silahlı birləşmələrinin mövcudluğunun qeyri-qanuni olduğu xatırladıldı, amma ermənilər silahlanmağa, yeni istehkamlar qurmağa, Azərbaycan ordusunun qarşı tərəfdə olan mövqelərini atəşə tutmağa başladılar. Terror əməllərini davam etdirən ermənilər işğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura köçən mülki vətəndaşlara təhlükələr törətməkdə davam etdilər. Müxtəlif vaxtlarda müxtəlif təxribatçı qrupların Azərbaycandakı siyasi, iqtisadi, sosial, hüquqi islahatlarını kölgə altına salmağa çalışan qərəzli hesabatları olub. İstər ABŞ Dövlət Departamenti, istərsə də digər təşkilatlar olsun, onlar belə qərəzli hesabatlar hazırlamaqla özlərini nüfuzdan salırlar. Onlara olan inam kəskin surətdə azalır. Çünki ədalət prinsipinin pozulduğu yerdə səmimiyyətdən, obyektivlikdən və hörmətdən danışmaq imkansızdır. Amma bütün bunların ölkəmizdə həyata keçirilən sistemli, davamlı islahatlar nəticəsində əldə olunmuş mühüm uğurlara təsir edə bilməz. Azərbaycanda insan hüquq və azadlıqları ən yüksək səviyyədə təmin olunub və etibarlı şəkildə qorunur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə