“Ermənistan sürətlə Qərbin forpostuna çevrilib“ - MÖVQE BİLDİRİLDİ

“Brüsseldə ABŞ dövlət katibi, Avropa Komissiyasının rəhbəri və Ermənistanın baş naziri arasında baş tutan görüş və orada aparılan müzakirələr nümayiş etdirir ki, Ermənistan sürətlə Qərbin forpostuna çevrilib. Stoltenberqin regiona səfəri, Paşinyanla danışıqlarından sonra belə bir görüşün keçirilməsi çox sayda ortaq suallar yaratdı. Eyni zamanda paralel şəkildə bu suallara cavablar da özünü göstərdi. Stoltenberq Paşinyanla görüşündən də görünür ki, onun tam olaraq anti-Rusiya cəbhəsində yer alması ilə bağlı razılıq alıb. Bunun da müqabilində Ermənistan da kollektiv Qərblə öz istəklərini müzakirə etmək istəyir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, Ermənistan Qərbin əlində alət rolunda çıxış edir: “Bunun müqabilində isə Azərbaycana qarşı dəstək istəyəcəkdir. Bu gün Ermənistan sistemli şəkildə silahlandırılır, Azərbaycana qarşı qərəzli mövqe sərgilənir. Həmçinin Ermənistanın təhlükəsizliyinə təminatın verilməsi məsələsi tez-tez müzakirə olunur. Bütün bunlar gələcəkdə Ermənistana Azərbaycana qarşı dəstəyin veriləcəyinin ilkin əlamətləridir.

Sözsüz ki, Ermənistana nə qədər dəstək verilirsə-verilsin Azərbaycana qarşı çıxa bilməz. Belə bir istəyi ola bilər, lakin qətiyyətli və sərt cavab alacaqdır. Bunu Ermənistan da, onun havadarları da çox gözəl bilir. Kollektiv Qərb bu görüşlə özünün nə qədər riyakar olduğunu göstərir. Lakin bu görüşlər nəticəsində də bütün hallarda zərbə alan tərəf Ermənistan olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə