"Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər millətin qürurunu özünə qaytardı" - RAUF ƏLİYEV

Xankəndi şəhərində Novruz bayramı münasibətilə tonqalının yandırılması şəhidlərimizin ruhuna ehtiramın növbəti təntənəsidir.

Prezident cənab İlham Əliyev 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib və çıxışı zamanı qeyd etmişdir ki, “Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir. Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək”. Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq 2020-ci ilin 8 noyabr tarixi Azərbaycan xalqının tarixinə ən müqəddəs günlərdən biri kimi həkk olundu. Otuz ilə yaxın müddət ərzində mənfur düşmən işğalında qalan torpaqlarımız dövlət, xalq birliyinin sarsılmaz təntənəsi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaəti sayəsində erməni işğalından azad edildi. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər millətin qürurunu özünə qaytardı, illər ərzində torpaq işğalının, məğlubiyyətin acısına son qoyuldu və qalib xalq zirvəsinə yüksəldik. Xankəndi şəhərində Novruz bayramı münasibətilə tonqalının yandırılması şəhidlərimizin ruhuna ehtiramın növbəti təntənəsidir.

Novruz bayramı ilə əlaqədar Xankəndi şəhərində çıxışı zamanı cənab İlham Əliyev vurğulamışdır ki, “Təbii ki, əsas vəzifəmiz torpaqlarımızı işğalçılardan azad etmək idi. Bu məqsədlə hərbi gücümüzü artırmaq bizim əsas vəzifəmizdir. Ordumuzun, bütün Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti böyük dərəcədə artmışdır, maddi-texniki təchizat ən yüksək səviyyədə həll olunurdu və İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı bunu bütün dünyaya nümayiş etdirdi. Ən önəmlisi elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, üç il bundan əvvəl torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər. Bir daha Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz bütün şəhidlərimizin, günahsız Xocalı qurbanlarının qanını döyüş meydanında aldıq və bununla fəxr edirik. İstənilən ölkə, istənilən xalq bununla fəxr edə bilər, o cümlədən biz. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq hüququmuzu, milli ləyaqətimizi bərpa etmişik və bu gün azad xalq kimi yaşayırıq, qururuq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq”. Azərbaycan gəncləri ölkəmizin bu günü, gələcəyi, və sabaha olan ümididir. 44 günlük Vətən müharibəsində biz bir daha əmin olduq ki, Azərbaycanın böyük və güclü gələcəyi var. Çünki sağlam, cəsur, vətənpərvər, qəhrəman bir nəslin yetişdiyini gördük. Milli ruhda böyüyən, vətənpərvər gənclər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi. Vətənpərvər gənclərimiz işğal olunmuş torpaqlarımız uğrunda qəhrəmancasına vuruşdular, 30 illik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular. İşğal altında olan torpaqlarımızın azad edilərək azadlığa qovuşmasında minlərlə gənc şəhidlərimizin qanı və bütün qəhrəman qazilərimizin şücaəti var.

Milli Məclisin deputatı Rauf Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə