"Azərbaycanla əməkdaşlıq NATO üçün də önəm kəsb edir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana rəsmi səfəri regionda önəmli proseslərin cərəyan etdiyi bir zaman kəsiyinə təsadüf edir və sülh, təhlükəsizlik naminə əməkdaşlığın inkişafı baxımından əhəmiyyətlidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Kərimli deyib.

O bildirib ki, Yens Stoltenberqin Cənubi Qafqaz səfərinə Azərbaycandan başlaması isə bir daha ölkəmizin regionun, həm də hərbi-siyasi baxımından lider ölkəsi olduğunu, bölgənin problemlərinin Azərbaycanın aparıcı mövqeyi və iştirakı olmadan həllinin mümkünsüzlüyünü nümayiş etdirir: "Qeyd edim ki, səfər çərçivəsində müzakirə olunan məsələlərin çoxçeşidliliyi, qarşılıqlı əməkdaşlıq, hərbi əlaqələr, enerji təhlükəsizliyi, regional təhlükəsizlik, Azərbaycan-Ermənistan sülh danışıqları və COP29-u əhatə etməsi, dünyanın ən böyük hərbi-siyasi Alyansının ölkəmizə olan yüksək diqqətinin göstəricisidir.

NATO-nun Baş katibi Yens Stoltenberqin səfərdən dərhal sonra Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu ifadə etməsi, Azərbaycan-NATO əməkdaşlığının qarşılıqlı faydalı və tarixi münasibətlərə söykəndiyini bəyan etməsi, ölkəmizin təkcə regional proseslərin deyil, beynəlxalq münasibətlər sisteminin mühüm aktorlarından biri olduğunu təsdiqləyir.

Məlum olduğu kimi, ölkəmiz heç bir hərbi-siyasi bloka qoşulmasa da, hərbi baxımdan dünyanın bir sıra ölkələri ilə hərbi tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə malikdir. Bu xüsusda Azərbaycanın NATO-nun aparıcı güclərindən olan Türkiyə ilə strateji müttəfiq olması, Azərbaycan Ordusunun Alyansın ən yüksək döyüş qabiliyyətinə və quru gücünə sahib Türkiyə Ordusunun modelinə keçidi istiqamətində əldə olunan yüksək nailiyyətlər şübhəsiz ki, Şimali Atlantika Alyansının diqqətindən kənarda qala bilməzdi. Hazırda NATO-ya üzv olan bir sıra ölkələr öz təhlükəsizliklərini təmin etmək üçün Alyansa daha az vəsait ayırmağa çalışdıqları halda, Azərbaycan Silahlı Qüvvələrini öz hesabına gücləndirir və təkcə özünün deyil, bütövlükdə regionun təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm addımlar atır. 44 günlük müharibədə və lokal antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüş bacarığı, müasir hərb sənətinə yeniliklər gətirməsi, dünyanın güc mərkəzləri tərəfindən diqqətlə öyrənilir və şübhəsiz ki, bu kontekstdə Azərbaycanla əməkdaşlıq NATO üçün də önəm kəsb edir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə