Nikol bütün narahatlıqların nəzərə alınacağına söz verib...

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyasına başlandığını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, “Azadlıq” radiosunun erməni xidməti xəbər verir ki, bunu Ermənistan Nazirlər Kabinetinin rəhbəri Tavuş vilayətinin sərhəd kəndlərinin sakinləri ilə görüşü zamanı deyib.

...Ümumilikdə və konkret olaraq Ermənistan Respublikasına münasibətdə demarkasiya nə deməkdir? Bu, gedib Ermənistan Respublikasının başladığı yeri tapmaq deməkdir. Biz hamımız bilirik, siz məndən də yaxşı bilirsiniz ki, bu harada başlayıb, harada bitir...

Paşinyan deyib bunu və Ermənistanın konturlarını əks etdirən modeli də nümayiş etdirib.

O vurğulayıb ki, Ermənistan hakimiyyəti “müharibənin qarşısını almaq” üçün Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamaq qərarına gəlib.

Paşinyanın sözlərinə görə, bu proses artıq praktiki mərhələyə qədəm qoyur.

“Azatutyun” radiosuna verdiyi məlumata görə, Nikol Paşinyan sərhədyanı kəndlərin sakinlərini narahat edən suallara dəqiq cavab verməsə də, o, bütün narahatlıqların nəzərə alınacağına söz verib.

...Tavuş rayon administrasiyasının başçısı Nver Beqlaryan xəbərdarlıq edib ki, sərhədyanı Voskepar, Baganis, Voskevan kəndlərinin və Noyemberyan şəhərinin Azərbaycana keçməsi halında sakinlərin yolları bağlamağa hazır olduqlarını bildirib.

Qeyd edək ki, rəsmi Bakı bundan əvvəl Tavuş və Qazax rayonlarının sərhəddində yerləşən 4 kəndin ərazilərinin dərhal geri qaytarılmasını tələb edib. Paşinyanın sözlərinə görə, Azərbaycanın iddia etdiyi dörd kənd - Bağanıs Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı de-yure Ermənistan ərazisində yerləşmir.

Yeri gəlmişkən sərhəddəki erməni kəndlərinin sakinləri “Qarabağda olanların burada da təkrarlanacağından” yaman qorxurlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə