"Onların bu addımı çox qudurğan bir haldır" - DEPUTAT SƏRT DANIŞDI

"Tural Sadıqlı və Məhəmməd Mirzəlinin "Azad söz" kanalında apardıqları verilişdə dövlət başçısı və onun ailəsini, Milli Məclisi, şəxsən məni də ağır təhqir ediblər. Özləri də bunu aşkarca bildiriblər ki, onlar təhqir etməkdən çəkinmirlər və bu şəkildə acıq çıxırlar. Əlbəttə ki, bu çox qudurğan və heç nəyə sığmayan bir haldır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Deputat təəssüf edərək bildirib ki, belə söyüşkən adamlar sanki kiminsə ürəyindən tikan çıxarır: "Hələ bir bu insanların videosunu bəyənənlər, onları müdafiə edənlər də olur. Belə insanlar mədəni şəkildə rəftar edə bilmirlər. Ona görə də Tural Sadıqlı və onun kimiləri Azərbaycan Respublikası qanunlarının məsuliyyətinə cəlb olunmalıdır. Bəzi dövlət orqanlarının bu insanlara biganə münasibətinə məəttələm. Nə üçün sorğu edib onları ölkəyə gətirtmirlər?"

T.Kərimli təklif edib ki, bu barədə ekspert rəyləri alınsın: "Onda məlum olacaq ki, onların sözlərində açıq-aşkar təhqir, hətta hədə-qorxu da var. Bu, beynəlxalq hüquqa da ziddir. Artıq bu insanlar hədlərini aşıblar. Ona görə də cinayət məsuliyyətinə cəlb olunmalıdırlar".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə