Özünü Avropanın inkişaf etmiş demokratik ölkəsi kimi göstərən Fransa, mədəniyyət abidəsinə münasibətdə elə bir səhvə, elə bir yanlışlığa yol verir ki, buna ad qoymaq belə müşkülə çevrilir, amma bununla belə rəsmi Parisin əsl üzünü, mahiyyətini ortaya qoymuş olur. Mədəniyyət abidəsinə qarşı edilən hörmətsizlik, məhz mədəniyyətsizlik kimi diqqəti cəlb edir və öz mədəniyyətini dünyaya sırımağa çalışan Fransa bununla özünü ifşa edir.
Dahi Azərbaycan şairəsi Natəvanın Evian-le-Bains şəhərindəki parklardan birində ucaldılan abidəsi üzərində fransızların təhqiramiz hərəkətlərə yol verməsinə rəsmi Paris elə rəsmi şəkildə də cavab verməlidir. Bir xalqın dahi şairəsinə ucaldılan heykəl üzərində həmin təhqiramiz hərəkətlər bir Avropa ölkəsi üçün ancaq rüsvayçılıqdır. Ötən ilin dekabrında abidənin üzərinə boya çəkildikdən sonra şəhər rəhbərliyi onu ağ parça ilə örtdüyünü bilirdik. Amma hadisələr bir daha göstərdi ki, heykəllə bağlı hekayə bununla bitən deyilmiş. Hələ də heykəl üzərində təhqiramiz hərəkətlərə yol verilirsə, buna görə Fransada cəza tədbiri haqqında belə düşünülmürsə, deməli, bu Avropa ölkəsi üçün həmin o təhqiramiz hərəkətlər qəbulediləndir. Maraqlıdır, anti-Azərbaycan mövqeyi ilə seçilən Fransa, rəsmi Bakıya heç bir şəkildə təsir və təzyiq edə bilmədiyindən, Azərbaycanla mübarizə apara bilmədiyindən, heykəllə müharibə aparmağı qərara alıbmı? Bu qədər cılızlığı qəbul edən bir ölkə hansı ali dəyərlərdən dəm vura bilər və həmin ölkənin dünyaya sırımaq istədikləri dəyərlərə inanan olarmı? Əlbəttə ki, olmaz və bundan sonra bütpvlükdə dünya ölkələri rəsmi Parisin cəfəngiyyatlarını çətin ki, hesaba almış olsun.
Bildiyimiz kimi, heykəlin Evian-les-Bains şəhərindən Parisə, daha dəqiq desək, Azərbaycan səfirliyinin ərazisinə daşınması barədə qərar qəbul edilib və martın 6-da abidə Azərbaycanın Fransadakı səfirliyindəki Mədəniyyət Mərkəzinə təhvil verilib. Ən dəhşətli məqamın da bundan sonra şahidi olmuşuq. Azərbaycan diplomatları abidədən parçanı götürdükləri zaman həmin abidənin hələ də boyalı vəziyyətdə olduğun görəndə necə təəccüblənməyə bilərdilər? Görəsən, Evian-les-Bains meriyası üçün həmin abidə üzərində edilən təhqiramiz hərəkətlərin izlərini silmək çoxmu çətinlik törədib? Yəni, abidəni Parisə, Azərbaycan səfirliyinin ərazisinə göndərməzdən öncə boyanı yumaq, silmək, təmizləmək çoxmu çətin olub? Yaxud, həmin abidəni yenidən rəngləməklə belə məşğul olmaq üçün də vaxt ayırmaq istəməyiblər? Böyük bir mədəniyyətə sahib olduğu iddiasında olan bir xalqın rəhbərlərinin həqiqətən də ağlına da gəlməyib, başa da düşməyiblər ki, mədəniyyət abidəsi üzərində təhqiramiz hərəkətlər etmək, bu hərəkətlərə etinasız yanaşmaq özü ən böyük mədəniyyətsizlikdir? Doğrudanmı fransız cəmiyyəti, Fransa hakimiyyəti o həddə deqradasiyaya məruz qalıb ki, bir xalqa, bir ölkəyə qarşı mübarizədə mədəniyyət abidəsini hədəf seçmək adi hal hesab olunur? Yəni, həqiqətənmi, Fransa açıq mübarizə müstəvisində Azərbaycana qarşı nəyə isə nail olmadığı halda, mədəniyyət abidəsinə qarşı müharibə elan edib? Çox gülünc və çox da rüsvayçı bir məqamdır və Fransanın iç üzünün daha aydın şəkildə yenidən təzahürüdür.
Fransızlar başa düşmürlərmi ki, mədəniyyət abidəsinə qarşı belə bir təhqiramiz hərəkət barbarlıq nümunəsidir? İstər abidəyə hücum edən dələduzlar, quldurlar, istərsə də sözügedən həmin o şəhərin rəhbərləri əslində, türklərlə və müsəlmanlarla bağlı hər şeyə nifrət etdiklərini açıq şəkildə ortaya qoymuş olublar. Həmçinin, Evian-les-Bains şəhərinin rəhbərlərinin abidəyə qarşı edilən təhqiramiz hərəkətlərə görə heç bir addım atmaması, heç olmasa boyanı silməməsi təsdiq edir ki, onlar özləri həmin o təhqiramiz hərəkətləri edən barbar dəstəsini təmsil edirlər. Bir Avropa ölkəsinin, Fransanın bir şəhərinin rəhbərliyi, eləcə də rəsmi Paris mədəniyyət abidəsi ilə “vuruşmağı” özünə rəva bilibsə, xalqımızn dahi şairəsinin abidəsi ilə müharibəyə qalxıbsa, bu, ümumilikdə həmin ölkə üçün çox utancvericidir. Deməli, Azərbaycana qarşı nəyə isə nail ola bilmirlər, reallıqda heç nə edə bilmirlər deyə heykələ hücum edirlər. Zənn edirik ki, bu rüsvayçılıqdır və bununla bağlı nəinki Fransanın, bütövlükdə Avropanın özünün də bir açıqlaması olmalıdır. Köhnə Qitə axı dünyaya mədəniyyət dərsi keçmək niyyətindədir və indi düz mərkəzində cərəyən edən mədəniyyətsizliyə görə cavab gözlənilir.
Diqqəti çəkən daha bir sual ortaya çıxır, yəni, fransızlar erməniyə çevriliblər ki, məhz ermənilər kimi mədəniyyət abidələrinə beləcə barbarcasına davranırlar? Ən azından, onlar arasında belə vandallıq hərəkətlərində oxşarlıq diqqəti çəlb etməyə bilməz axı. Oxşarlıq olmasaydı, fransızlar ermənilərin metodlarından, yəni vəhşiliklərindən niyə istifadə edərdilər? Necə ki, ermənilər 30 il müddətində işğal altında olan Qarabağ ərazilərində Azərbaycana, xalqımıza məxsus olan mədəniyyət abidələrini, dini tikililəri, ocaqları, hətta qəbirüstü abidələri belə dağıdıblar, Fransadakı Azərbaycan abidəsinə münasibətdə də fransızlar tərəfindən eyni şey edilirsə, deməli, bu bacılar elə vəhşilik nöqteyi nəzərdən də bir-birinin oxşarı, hətta əkizlər imişlər. Erməni işğalçıları xalqımızın dahi şairəsinin abidəsini, ev-muzeyini və məzarını necə vəhşicəsinə dağıtmışlarsa, təhqiramiz hərəkətlərə yol vermişlərsə, eyni şəkildə də fransız vandalları, barbarları şairənin Evian-le-Bainsdəki abidəsini eləcə hədəfə alıblar. Eyni şəkildə, eynən erməni namərdləri kimi, Azərbaycanla bacara bilmədiklərindən mədəniyyət abidələrinə, heykəllərə müharibə elan ediblər və belə bir iyrəncliyi özlərinə rəva da bilirlər.
Məsələ burasındadır ki, belə vandallıq hərəkətləri həm də fransızların və ermənilərin türkofobiya və islamofobiya deyilən vahid ideologiyasının tərəfdarları olduqlarını bir daha təsdiq edir. Amma bir sıra faktlar təsdiq edir ki, Azərbaycan qətiyyən ermənilər və fransızlar kimi mədəniyyət abidələrinə qarşı müharibə elan etməyib, əksinə, həmin abidələrə diqqət nümayiş etdirib. Yeri gəlmişkən, fransızlara xatırlatmaq yerinə düşərdi ki, ərazilərimizin 30 ilə yaxın işğal altında saxlanıldığı dönəmdə belə, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransa işğalçı ölkəyə hərtərəfli dəstək olduğu və münaqişənin həll olunmaması üçün bütün mümkün tədbirlərə əl atdığı dövrdə belə, Azərbaycan Fransada bir sıra kilsə və muzeylərin, məsələn Luvrun bərpasını maliyyələşdirib. Bu faklara görə fransızlar, Fransa hökuməti heçmi utanmaq fikrində deyillər? İndi baxaq görək, hansı ölkə yüksək mədəniyyətə sahibdir, kilsə və muzeylərin bərpasını maliyyələşdirən Azərbaycan, yoxsa, bir abidəyə belə sahib çıxa bilməyən, onun üzərindəki boyaq maddəsini belə silməyi hesaba almayan Fransa? Əlbəttə ki, mədəniyyətə sahib olan da, mədəniyyət abidəsinə hörmətlə yanaşan da Azərbaycandır və fransızlar elə ermənilərlə müqaisə olunsalar daha doğru olar. Çünki eyni ilə ermənilər kimi, fransızlar da mədəniyyət abidəsinə qarşı müharibə elan ediblər...
Onu da fransızların diqqətinə çatdıraq ki, Bakının düz mərkəzində, Neftçilər prospektində fransız əsilli, fransız generalı və siyasətçisi, alman faşistlərinə qarşı müqavimət hərəkatının lideri, sonra da həmin ölkənin prezidenti olan Şarl de Qollun təsviri olan mərmər lövhə var və hələ bu vaxta qədər həmin lövhənin üzərində bircə dənə də cızıq belə çəkilməyib. Məqsədimiz yenə də böyük mədəniyyətə sahib olan və mədəniyyət abidələrinə sahib çıxan azərbaycanlıları mədəniyyətsizlik nümayiş etdirən fransızlarla müqaisə etmək deyil. Biz sadəcə olaraq, fransızlara bir xatırlatma edirik ki, özlərini güzgüdə görmüş olsunlar və bilsinlər ki, Azərbaycan xalqı mübarizəni də, müharibəni də heykəllə, mədəniyyət abidəsi ilə aparmır, mərd-mərdanə şəkildə mübarizəyə də qoşulur, cəmi 44 gün olmaqla, ən qısa zamanda müharibədə Zəfər də qazanır. Xatırladırıq ki, Azərbaycan xalqı xırda qisasçılığı ilə tanınmır və Fransa da, fransızlar da bizdən kifayət qədər nümunə götürə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB