"Avropa Parlamenti siyasi şou göstərilən qurum kimi yadda qalacaq" - ŞƏRH EDİLDİ

"Qərb ölkələrində erməni lobbisi təəssüf ki, siyasi dairələri öz maliyyəsi ilə ələ alaraq Azərbaycan və Türkiyə əleyhinə bəyanatlar səsləndirə və siyasi təxribatlar həyata keçirə bilirlər. Ona görə də onlar tərəfindən bu cür addımlar görəndə təəccüblənməməliyik. İllər boyu siyasi sifarişlər əsasında qərar çıxaran, bəyanat verən deputatları, beynəlxalq təşkilatları görmüşük. Heç kim gələcəkdə də bunların olmayacağına təminat verə bilməz". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, bu günlərdə Avropa Parlamentinə seçkilər keçiriləcək: "Bununla bağlı erməni lobbisi yenə də aktiv fəaliyyət göstərir. Onlar Parlamentə üzv seçilmək istəyənləri maliyyə dəstəyilə ələ alıb, Azərbaycanın imicinə xələl gətirəcək addımlar atmağa sövq edirlər. Belə olduğu halda həmin deputatlar öz dövlətlərinin imicini korlamış olurlar".

Politoloq sözlərinə davam edərək bildirib ki, erməni diasporasının təzyiqi ilə belə addımlar atmaq ağlasığmazdır: "Avropa Parlamentinin özü də Fransanın və erməni lobbisinin sifarişini yerinə yetirən, maliyyə fırıldaqçılığı edən və siyasi şou göstərilən bir qurum kimi yaddaşlarda qalacaq. Hesab edirəm ki, bunu hər bir Azərbaycan və Türkiyə vətəndaşı kimi, Avropa ölkələrinin özləri də çox yaxşı başa düşür".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə