Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşündən gözləntilər NƏDİR? - MÜNASİBƏT BİLDİRİLDİ
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın 28-29 fevral tarixində Berlində görüşməsi özlüyündə müsbət hadisədir. Yəni Azərbaycan bütün dönəmlərdə əməlləri, davranışları ilə sübut edib ki, sülh üçün əlindən gələni edir və edəcək. Münxen Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev keçirdiyi görüşlərdə, verdiyi açıqlamalarda bir daha sülhə sadiqliyimizi bəyan etdi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.
Elşad Məmmədli sözlərinə belə davam edib: “Münxen konfransından sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşməsi bu baxımdan təsadüfi deyil. Bütün hallarda sülh prosesi üzrə istənilən məkanda, istənilən təşəbbüslə görüşün baş tutması alqışlanmalıdır. Azərbaycan təbii ki, sülh gündəliyinə sadiqdir.
Ancaq düşünürəm ki, Ermənistan tərəfi Berlin görüşünə də hansısa nəticə üçün yox, sırf beynəlxalq aləmin gözündən pərdə asmaq, imitasiya üçün gedir.
Çünki hazırkı durumda Ermənistan Qərb, xüsusilə Fransa tərəfindən çox ciddi təhdid altındadır. İrəvanı sülhdən yayındırmaq üçün hazırda mümkün olan bütün addımları atırlar. Ermənistanı faktiki olaraq Rusiya ilə konfrontasiyaya getməyə, KTMT-də fəaliyyətlərini dondurmağa sövq edirlər. Bütün bunlar hamısı Cənubi Qafqazda gərginliyi atırmağa, Ermənistanı sülhdən yayındırmağa hesablanmış addımlardır. Fransa birmənalı olaraq sülhün əleyhinədir. Ona görə də inanmıram ki, Ermənistan Berlində sülhlə bağlı müzakirələrdə səmimi olacaq, hər hansı bir öhdəliyini yerinə yetirməyə razılıq verəcək.
Ermənistan xarici təsir dairələrinin boyunduruğunda qaldıqca onu sülh sazişi imzalamağa imkan verməyəcəklər. Ermənistan ilk növbədə doğru siyasi kursunu müəyənləşdirməli və Azərbaycanın təklif etdiyi birbaşa danışıqlara razı olmalıdır. Nəticə yalnız bu zaman ola bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB