"Biz daima güclü və düşmənə cavab verməyə hazır olmalıyıq" - ŞƏRH EDİLDİ

"Biz daima güclü və düşmənə cavab verməyə hazır olmalıyıq" - ŞƏRH EDİLDİ

"Xocalı soyqırımı günündə dövlət başçısının oraya səfər etməsi və rayon sakinləri ilə görüşməsi bir daha Azərbaycanın öz hüquqlarını və haqq-ədaləti bərpa etməsinin dünyaya nümayişi idi. Azərbaycan Prezidenti çıxışında məhz bu kontekstdən qeyd etdi ki, təəssüf biz 30 il bütün dünyaya "Xocalıya ədalət" deyə müraciət etdik, amma dünya gözünü və qulağını bu faciəyə qapatdı. Dünya hesab edirdi ki, heç vaxt ədalət təntənə etməyəcək. Lakin Azərbaycan xalqı böyük əzmlə, qətiyyətlə güclü ordu yarada, öz suveren hüquqlarını, ərazi bütövlüyünü bərpa edə bildi. Nəhayət, döyüş meydanında Xocalı soyqırımının qisası düşmənlərdən alındı. Bu, tarixi ədalətin təcəllisi idi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışı ilə dünyaya bir xatırlatma edib ki, bu soyqırıma dünya nə qədər göz yumsa da, Azərbaycan xalqı düşmənə layiqli cavabını verə bildi: "Şübhəsiz ki, əgər dünyada ədalət varsa, bu ədalət də beynəlxalq hüquq normalarında nəzəri baxımdan öz əksini tapıbsa, Azərbaycanın bu mövqeyi təqdir olunmalıdır. Xocalı soyqırımını törədən canilər və bu faciənin arxasında duran Ermənistan dövləti açıq şəkildə qınanmalıdır. Necə ki həmin cinayətkarların bir qismi Azərbaycan Ordusu tərəfindən artıq ədalət mühakiməsinə təslim ediliblər, digərləri də ədalət qarşısında cavab verməlidir".

"Bu gün Xocalının yeni tarixi başlayır. Dövlət başçısının Xocalıda Soyqırımı Memorialının təməlini qoymaqla həm düşmənlərin dərs çıxartmalı olduğunu, həm də Azərbaycan xalqının öz tarixi yaddaşını canlı tutmasını zəruri edir ki, bir daha heç vaxt düşmən doğma torpaqlarımızda bizə qarşı silah qaldıra bilməsin. Biz daima güclü və düşmənə cavab verməyə hazır olmalıyıq",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə