“Azərbaycan vətəndaşına sahib çıxmağın nümunəsini bütün dünyaya göstərdi” - DEPUTAT FİKİR BİLDİRDİ
“1988-ci ildə Ermənistanın Azərbaycan torpaqlarına qəsdi və birinci Qarabağ müharibəsi nəticəsində Qarabağ və ətraf zonalarda əhali öz doğma torpaqlarından köçkün düşməyə məcbur oldu. Bu proses çox acınacaqlı şəkildə, böyük itkilərlə, insanların ev-eşiklərini tələsik tərk etməsi ilə müşahidə olundu. Ermənistan qoşunlarının qəfil hücumları nəticəsində çox insanlarımız həlak oldu, ailələr dağıldı, insanlar ağır şəraitdə Azərbaycanın bu hissəsindən digərinə qaçmağa məcbur oldular”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, həmin dövrdə Azərbaycan hakimiyyəti daxili və xarici siyasətini düzgün qurmamışdı: “Həmçinin ordu qurulmamış, vətəndaşların təhlükəsizliyi üçün lazımi addımlar atılmamışdı. Digər tərəfdən Ermənistanın xaricdə müəyyən dairələr tərəfindən açıq-aşkar müdafiə edilməsi də, Ermənistanın vəhşiliklərinə yol açırdı. Həmin dövr insanlarımızın öz torpaqlarından qaçqın düşməsi, tariximizin ən acı səhifələrindən biridir. Hətta bir sıra yerlərdə bu ağır faciələrlə, eyni zamanda soyqırımlarla müşahidə olundu. Bu gün ildönümü olan Xocalı faciəsi də məhz həmin dövrün qara səhifələrindən biri hesab edilə bilər.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə vəziyyət kökündən dəyişdi. Ordu quruculuğuna başlanıldı, erməni hücumlarının qarşısı alındı, məcburi köçkünlər üçün normal həyat şəraiti yaradılmağa başlanıldı. Hazırda isə artıq işğaldan azad edilmiş ərazilərimizdə yeni yaşayış məskənlərinin salınması insanlarımızın geriyə qayıtmasına, öz dədə-baba torpaqlarına sahib çıxmasına səbəb olur. Artıq 5 yaşayış məntəqəsində 5 mindən çox sakin yaşayır, 6 orta məktəb fəaliyyət göstərir. Bu il öz torpaqlarına qayıdan insanların sayı daha çox olacaq. Azərbaycan dövləti öz vətəndaşına sahib çıxmağın nümunəsini dünyaya göstərə bildi. Ulu Öndər Heydər Əliyev siyasəti və hazırda ölkə başçısı İlham Əliyevin davam etdirdiyi siyasi kurs dövlətçiliyimizin möhkəmlənməsi, torpaqlarımızın azad edilməsinə, insanlarımızın geri qayıtmasına səbəb olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB