"Hərbi Hava Qüvvələrimiz istənilən tapşırığı yerinə yetirməyə qadirdir" - EKSPERT BİLDİRDİ
“Azərbaycanın Hərbi Hava Qüvvələrinin inkişafı üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev bilavasitə öz diqqətini həmişə göstərir. Bu gün Hərbi Hava Qüvvələri həm Azərbaycanın hava məkanını qorumağa, həm də hərhansı tapşırığı yerinə yetirməyə qadir və hazır vəziyyətdədir. Bununla bağlı mütəmadi olaraq hərbi hava qüvvələrimizin parkı yeni avadanlıqlarla təchiz edilir, daha müasir tələblərə cavab verən şəkildə daim yenilənir. Azərbaycanın Hərbi Hava Qüvvələri mütəmadi olaraq Türkiyənin Hərbi Hava Qüvvələri ilə birgə çoxsaylı təlimlər keçirir. Bu təlimlər ildən-ilə artır. Bu bir daha onu göstərir ki, Azərbaycanın hərbi pilotları yüksək peşəkarlığa malikdirlər. Çünki dünyanın ən güclü təhlükəsizlik qüvvələrinə malik NATO ölkəsi olan Türkiyənin Hərbi Hava Qüvvələri ilə birgə təlim keçməsi əlbəttə müəyyən professionallıqdan irəli gəlir”. Bu barədə SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Azərbaycan pilotların hazırlanması üçün öz ali məktəbimiz var. Orada olan avadanlıq ən müasir tələblərə cavab verir: “Azərbaycanın kursantları bu gün praktiki uçuşlarını ən müasir tələblərə cavab verən təlim təyyarələriylə həyata keçirirlər. Hərbi Hava Qüvvələrinin sosial və digər məsələləri də daim nəzarət altındadır. Bu gün Hərbi Hava Qüvvələri istər təyyarə, istərsə də helikopter parkı baxımından bölgədə ən güclü hava qüvvələridir. Hərbi Hava Qüvvələrimiz öz fəaliyyətini birinci Qarabağ müharibəsində də göstəriblər. Sonra isə bu qüvvələr daha çox inkişaf etdirildi. İkinci Qarabağ müharibəsində də biz hava qüvvələrimizin fəaliyyətinin çoxsaylı video materiallarla təqdim olunmasını görürük. Bizim pilotlarımız bu müharibədə qəhrəmanlıqla döyüşüblər. Düşmənin mövqelərini hədəfləyərək Azərbaycanın qələbəsini daha da yaxınlaşdırıblar”.
Ekspert bildirib ki, digər tərəfdən yeni bir istiqamət də Pilotsuz Uçuş Aparatlarıdır: “Müasir dünyada PUA-lar çox istifadə olunur və demək olar ki, prioritet istiqamətdir. Bu istiqamətdə də Azərbaycan inkişaf edib. Türkiyədən alınan Bayraktarlar barədə elə insan yoxdur ki, bilməsin. Azərbaycanın müdafiə sənayesində də PUA-ların buraxılması ilə bağlı işlər aparılır. Bu gün Azərbaycan öz PUA-larını istehsal edir. Həm daxili tələbatını ödəyir həm də müxtəlif sərgilərdə onları təqdim edərək ixrac da etməyə başlayıb. Bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev və Bayraktar şirkətinin sahibi Səlçuk Bayraktarın iştirakı ilə “Akıncı” PUA-sının təqdimatı olundu. Bu təqdimatda da cənab Prezident şəxsən iştirak edib onların idarəetmə məntəqəsinə baş çəkib və “Akıncı”nın praktiki uçuşunu şəxsən həyata keçirib. Azərbaycan Hərbi Hava Qüvvələrinin inkişafı istiqamətində Türkiyə hərbi sənaye kompleksi ilə çox sıx əlaqədədir. Bu gün təyyarələr və helikopteri daha müasirləşdirəcək avadanlıqlarla bağlı Türkiyə ilə müəyyən müqavilələrimiz var. Biz o yeni avadanlıqları alıb Hərbi Hava Qüvvələrinin parkını daha müasirləşdiririk. Digər tərəfdən bizim hava qüvvələrimizə məxsus aerodromlarda lazım olan işlər aparılır, avadanlıqlar müasirləşdirilir, təyyarələrin saxlanması üçün anbarlar qurulur, şəxsi heyətin istirahəti üçün şərait yaradılır. Bu gün Azərbaycanın Hərbi Hava Qüvvələri onun hava məkanını qorumağa və tapşırıqları yerinə yetirməyə qadirdir”.
Ş.Ramaldanov sonda qeyd edib ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın Hərbi Hava Qüvvələrində xidmət edən pilotlardan 2-i şəhid olmaqla ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı alıb: “Hərbi Hava Qüvvələrinin komandanı da vətən müharibə qəhrəmanıdır və şəxsən özü İkinci Qarabağ müharibəsində təyyarəsini idarə edərək düşməni məhv edilməsində şəxsən iştirak etmişdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB