“Seçki İlham Əliyevə böyük xalq dəstəyinin olduğunu nümayiş etdirdi“ - DEPUTAT FİKRİ

“Növbədənkənar prezident seçkiləri unikallığı ilə yadda qaldı. Belə ki, bu seçki sanki dövlət başçısı cənab İlham Əliyevə ümumxalq minnətdarlığının ifadə olunduğu siyasi hadisə oldu. Seçkilərdə fəallıq kifayət qədər yüksək səviyyədə idi. Bu həm də Azərbaycan xalqının siyasi mədəniyyətinin yüksək olmasına dəlalət edən hadisədir. Cəmiyyət üzvləri baş verən proseslər haqqında aydın təsəvvürlərə sahibdirlər və adekvat reaksiya nümayiş etdirə bilirlər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Deputat bildirib ki, 7 fevral tarixində baş tutan seçkilər xalqımızın milli inkişaf tarixinin yeni bir mərhələsinə keçməsi baxımından da əhəmiyyətli idi: “Bu səbəbdən də cəmiyyət üzvləri, həm də məsələyə bu konteksdən yanaşırdı. Bu keçid prosesində hər kəs öz iştirakını təmin etməyə çalışdı.

Sözsüz ki, xalq müvafiq olaraq yeni tarixi mərhələyə keçid imkanlarını yaradan şəxsə də öz münasibətlərini ifadə etmiş oldu. Bu Azərbaycanın müstəqillik tarixində bütün ölkə ərazisini əhatə edən ilk seçki oldu. Eyni zamanda vətəndaş yeni siyasi reallıqlar şəraitində öz seçki hüququndan istifadə etdi, 76 faizdən çox seçici aktivliyinin olması növbəti səlahiyyət müddətinə dövlətimizin rəhbəri seçilən İlham Əliyevə böyük xalq dəstəyinin olduğunu da nümayiş etdirdi. Belə ki, seçkilərdə iştirak edənlərin böyük əksəriyyətinin səsini toplayaraq qələbə qazanmaq, ölkədə seçki hüququ olan vətəndaşların böyük əksəriyyətinin səsini dəstəyini alaraq qələbə qazanmaqdan fərqlidir. Yəni ikinci halda dövlət başçısı seçilmək daha üstün qələbədir, daha böyük xalq dəstəyi deməkdir. Müvafiq olaraq gələcəkdə dövlət başçısı beynəlxalq aləmdə də daha güclü olacaq. Ölkəmizə qarşı qərəzli mövqe sərgiləmək istəyənlərin imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırmış olduq.

Nəzərə almaq lazımdır ki, seçkilər həm də işğaldan azad edilən torpaqlara olan münasibətimizi ifadə etdi. Yəni bu torpaqları xalqımıza qaytaran dövlət başçısına böyük xalq dəstəyi, işğaldan azad etdiyimiz torpaqlara sonsuz məhəbbətimizi göstərdi. Bir sözlə, növbədənkənar Prezident seçkiləri xalqın böyük iştirakçılığı ilə yadda qaldı. Eyni zamanda seçki vasitəsilə xalq dövlət başçısı İlham Əliyevə etimadını yeniləmiş, gücləndirmiş oldu”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə