İran-Pakistan münasibətlərinə yeni baxış - ANALİTİK

İran-Pakistan münasibətlərinə yeni baxış - ANALİTİK

Son 3 gündə İran və Pakistan arasında münasibətlər xeyli gərginləşmişdi və İranın Pakistan ərazilərinə zərbələr endirməsi İslamabadın narazılığını bir az da artırmışdı. Terrorçuluqla mübarizəni əsas gətirərək qonşu ölkənin ərazisini bombalayan Tehrana cavab olaraq Pakistan Hərbi Hava Qüvvələri İran ərazisindəki terrorçu hədəflərə zərbələr endirəndən sonra sanki Tehran qəflət yuxusundan oyandı, növbəti addımı atmaqla təhlükənin bir addımlığında geri dönüş edə bildi. Qeyd edək ki, İran Pakistan ərazisini vurarkən iki ölkənin rəsmi şəxsləri - İranın xarici işlər naziri və Pakistanın baş naziri İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində görüş keçirirdilər. Hadisədən xəbər tutan kimi, Pakistanın nümayəndə heyəti Davosu tərk edərək təcili şəkildə ölkələrinə qayıdıb.

Pakistan Xarici İşlər Nazirliyi Tehranın əməllərini pisləyib və bunun cavabsız qalmayacağını vurğulayıb. Bundan sonra Pakistan da İrana cavab zərbələri endirib. Proseslərin gərginləşdiyi və iki böyük ölkənin müharibənin astanasına gəldiyi vaxt Türkiyə dövrəyə girib. Türkiyə Xarici İşlər Nazirliyinin məsələyə reaksiyası özünü gecikdirməyib və tərəflərə vasitəçilik təklif edib. XİN başçısı Hakan Fidan Pakistan və İrandan olan həmkarları ilə telefon danışığı aparıb. Fidan danışıqlar zamanı bölgədə yeni problemlərin olmamasına diqqət çəkib və hər iki tərəfi mötədilliyə çağırıb. Nazirlər Cilani və Abdullahian da gərginliyin artmasını istəmədiklərini bildiriblər. Bundan sonra isə tərəflər hədə ritorikalarını konstruktiv dialoqla əvəzləyən biliblər.

Türkiyənin sülhpərvər yanaşmasına rəğmən digər beynəlxalq aktorların və region ölkələrinin heç də hamısının bu xəttə uyğun siyasi kurs seçmədiyi bəlli olub. Pakistanın ən yaxın və ənənəvi müttəfiqlərindən olan ABŞ son illərdə rəsmi İslamabadın Çinə yaxınlaşmasından məmnun olmadığı üçün Rusiya ilə isti münasibətlərdə olan Hindistana maraq salıb. İranla ABŞ-ın münasibətlərinin hansı səviyyədə olması isə sirr deyil. Bu baxımdan Pakistan və İran arasında münasibətlərin gərginləşməsi Vaşinqton üçün ilk baxışda sərfəli olduğu qənaəti formalaşsa da, regionda yeni böyük müharibənin yaranması okeanın o tayında da arzuolunan deyil. Bununla belə, məsələnin tezliklə həll olunması da o qədər cəlbedici görünmür.

Rusiya isə yeni müharibələrin başlanmasında maraqlıdır. Tarixi münaqişə ocaqlarının aktivləşməsi Moskva üçün göydəndüşmədir. Ukraynada aktiv döyüşlərin getdiyi vaxtda diqqətin başqa müharibələrə yönəlməsi Kremlin maraqlarına tam uyğundur. Problemin böyüməsini istəməyən aktorlardan biri də Çindir. Pekin kifayət qədər praqmatikdir. Həm Pakistan, həm də İran Çinin əsas tərəfdaşları olduğu üçün geosiyasi, daha çox isə iqtisadi motivlərlə problemin müharibə həddinə çatması "sarı əjdaha" üçün məqbul variant deyil.

Bəs nə baş verir?

Pakistan Xarici İşlər Nazirliyi əməliyyat nəticəsində Sistan və Bəlucistan əyalətindəki terrorçuların bazalarına zərbələrin endirildiyini bildirib. İran tərəfinin adını çəkdiyi qruplaşma (Ceyş-ül-Ədl) xüsusilə diqqət çəkir. Adıçəkilən qruplaşma 10 ildən çoxdur ki, İranın cənub-şərq hissəsinə hücumlar təşkil edir. Sonuncu dəfə 2023-cü ilin dekabr ayında Sistan və Bəlucistanda 11 iranlı polisin ölümünə səbəb olan hücumun təşkilatçısı həmin qruplaşmadır. Pakistan və İranın bir-birinin ərazisinə antiterror əməliyyatları adı ilə zərbələr endirməsi və mülki şəxslərin həyatını itirməsi regionda gərginliyi artırır.

Pakistan və İran regionun iki güclü ölkəsidir. Hər iki ölkəni dəstəkləyən və zəifləməsində maraqlı olan güclər var. Pakistan-İran müharibəsində maraqlı olmayan ölkələr də var. İranın zəifləməsində maraqlı olan əsas ölkələr İsrail, Səudiyyə Ərəbistanı və ABŞ-dır. İranın zəifləməsini istəməyən ölkələr isə Çin, Hindistan, Rusiya, Britaniyadır. Pakistanın zəifləməsində maraqlı olan ölkə isə Hindistandır.

Bir ehtimal da var. Bu, üzdə İran-Pakistan gərginliyi kimi görünsə də, əslində, hər iki ölkə pərdəarxasında bəluclara qarşı antiterror əməliyyatı keçirir. Bunu hər iki ölkənin XİN başçılarının bəyanatları da təsdiq edir. Misal üçün Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, “Pakistan İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət edir”. Bənzər açıqlamanı İran tərəfi də verib. Bəlucların müstəqillik arzusu hər iki ölkə üçün uzun illərdir başağrısına çevrilib. Buna görə də tərəflər ayrı-ayrılıqda bir-birinin ərazisində əməliyyatlar keçirərək, əslində, bir-birinə fayda verir.

Rəsmi Bakının mövqeyi

Azərbaycan İran-Pakistan gərginliyinin artmasında maraqlı deyil. Ümumiyyətlə, belə bir yanlış görüş var ki, rəsmi Bakı Tehranın hər hansı bir ölkə ilə müharibəyə girməsindən maraqlı olmalı, İranın başı müharibəyə qarışmışkən Zəngəzur məsələsini həll etməlidir. Zəngəzuru özünün “qırmızı xətti” elan edən və hər vəchlə bunu Bakının diqqətinə çatdıran Tehran bu məsələdə uzlaşmaz mövqe sərgiləyir. Zəngəzur dəhlizi Bakının prioritet gördüyü məsələ olsa da, cənub qonşumuz hər hansı ölkə ilə müharibəyə girməsi, dağıntılara məruz qalması bizim üçün ciddi risklər daşıyır. Misal üçün, İranda yaşayan 30 milyondan çox azərbaycanlının ehtimal müharibə zamanı səfərbərliyə cəlb edilməsi, ya da bombalanan Cənubi Azərbaycan şəhərləri fonunda sərhədimizə axışacaq milyonlarla soydaşımız bu risklərdəndir.

Rəsmi Bakı bu riskləri öncədən sezir və heç bir halda İrana qarşı atılacaq addımları dəstəkləmir. Həmçinin başda Pakistan olmaqla İranla ehtimal münaqişəyə girəcək ölkələrin əksəriyyəti dost və tərəfdaş ölkələrdir. Pakistanın İranın Sistan və Bəlucistan əyalətində yerləşən Saravan bölgəsinin yaxınlığına hava zərbəsi endirməsinin detalları məlum olub. Əyalətin qubernatorunun müavini hücumçun səhər saat 4-də baş verdiyini açıqlayıb. “Səhər 3 pilotsuz uçuş aparatı Saravan yaxınlığında sərhəddə yerləşən kəndləri vurdu. Nəticədə 4 ev dağıldı, 10 nəfər pakistanlı həlak oldu. İranlıların o kənddə necə məskunlaşdığı isə məlum deyil, araşdırılır”, – qubernator müavini bildirib. Pakistan səhər saatlarında “Marg Bar Sarmachar” adlı antiterror əməliyyatı keçirib. Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində yerləşən “terrorçu sığınacaqları”na zərbələr endirilib. Hava zərbələrinin yüksək koordinasiyalı və dəqiq hədəflənmiş olduğu qeyd edilib. “Mövcud kəşfiyyat məlumatlarına əsasən, həyata keçirilən “Marg Bar Sarmachar” kod adlı əməliyyatda, bir neçə terrorçu məhv edilib”, – məlumatda vurğulanır.

İranın Tasnim Agentliyi isə Sistan və Bəlucistan əyalətinin Seravan rayonu yaxınlığında baş verən partlayışlarda 7 nəfərin həlak olduğunu bildirib. Partlayış nəticəsində həlak olanların üçünün qadın, dördünün uşaq olduğu vurğulanır. Ölənlərin hamısının İran vətəndaşı olmadığı da bildirilib.

ABŞ-da yaşayan Cənubi Asiya üzrə ekspert Asfandir Mir deyir ki, İranın Pakistana hücumlarının motivləri qaranlıqdır. Bununla belə, eskalasiya mümkündür. Axı Tehran Pakistan ərazisinə zərbə endirmək üçün qüvvələr göndərməklə hətta ABŞ və İsrailin də keçməməyə çalışdığı həddi keçdi. Hadisələrin fonunda hər iki tərəfin Pakistanın Bəlucistan əyaləti və İranın Sistan və Bəlucistan əyaləti ərazisində fəaliyyət göstərən silahlı qruplaşmalara hücum etməsi də göstərilir. Hər ikisi sıradan çıxıb, həm iqtisadi inkişafdan geri qalır, həm də mineral ehtiyatlarla zəngindir. İslamabadın öz təyyarələrini İran ərazisi üzərində hədəfə aldığı Bəluc Azadlıq Cəbhəsi təkcə pakistanlılara qarşı deyil, həm də ölkədə çalışan çinli mütəxəssislərə qarşı terror aktları həyata keçirir. Rəsmi olaraq İslamabad qonşusuna kəskin cavab verib. Pakistan öz səfirini İrandan geri çağırıb və bunun ölkənin suverenliyinin açıq şəkildə pozulması olduğunu bildirib.

Belə ki, mübahisəni alovlandıran dini fikir ayrılıqları deyil, qarşılıqlı inamın olmaması, qonşunun hər iki ölkədə vəziyyətin sabitliyinin pozulmasında əli olması şübhəsidir. Bununla belə, nə İslamabad, nə də Tehran hərbi əməliyyatların dövlətlərarası münaqişə xarakteri daşımasını istəmir.

Yaxın Şərqdə müharibənin genişləndirilməsi perspektivi Çinə qətiyyən yaramır. Nəticədə ÇXR-in kommersiya maraqları zərər görür. Belə ki, Qırmızı dənizdə husilərin hücumları səbəbindən Çin ixrac mallarının Süveyş kanalı ilə daşınması ləngiyib. Bundan əlavə, İran neftinin alıcısı olan Çin İran infrastrukturunun və sənayesinin modernləşdirilməsində iştirak edir.

Pakistan onilliklər ərzində Çinin Cənubi Asiyada əsas təsir bazası olub. Bu ölkədən keçməklə Çinin şimal-qərbindən Hind okeanına qədər nəqliyyat dəhlizi tikilir. Yaxın Çin-Pakistan əlaqələrinin yeni təzahürü İslamabadın Çindən gizli texnologiya ilə istehsal olunan FC-31 döyüş təyyarələri almaq niyyəti olub.

Pekinin qonşularını barışdırmağa kömək etməkdə maraqlı olması təəccüblü deyil. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning deyib: “Çin İran və Pakistan arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır”. Pekin ümid edir ki, həm Pakistan, həm də İran “sakitlik və təmkin nümayiş etdirəcək, gərginliyin qarşısını alacaq” və qarşılıqlı fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həll etməyə davam edəcəklər”, - Xarici İşlər Nazirliyinin sözçüsü izah edib.

Prinsipcə, qonşular arasında sərhədləri qorumaq çətindir, dağlar var. Bu, iki ölkə arasında hərəkət edə bilən terrorçuların həyatını asanlaşdırır. Beləliklə, bunun bir hissəsi İranın Pakistandakı bu yaraqlıları vurması idi. Amma eyni zamanda İran HƏMAS-ı birbaşa dəstəkləmir, əlini sərbəst saxlamağa çalışır. Bu, İranın terror fəaliyyətini İsrail və ya Amerika kəşfiyyatı ilə əlaqələndirməsinə mane olmur.

Hindistan və Çin

Çərşənbə günü Hindistanın Çinlə sərhədini əvəz edən faktiki nəzarət xətti boyunca yeni toqquşmalar barədə məlumat ortaya çıxdı. Hindistan Ordusunun Qərb Komandanlığı öz əsgərlərini Çin ordusunun “aqressiv davranışına” qarşı göstərdikləri şücaətə görə mükafatlandırıb. Hadisələr 2021 və 2022-ci illərdə baş verib. Yəni 2020-ci ildə hər iki tərəfdən itkilərlə başa çatan əlbəyaxa döyüşündən sonra yeni ifrat hallar baş verib. Xoşbəxtlikdən, silah deyil, yalnız fiziki güc istifadə edildi. Ekspertin fikrincə, Dehli və Pekin “bir qarış torpağımızdan əl çəkməyəcəyik” bəyan etdikləri üçün gərginliyin baş verməsi qaçılmazdır.

Hindistanın ndtv telekanalının verdiyi məlumata görə, Hindistan ordusu 2020-ci ildə baş verən toqquşmalardan sonra 3488 km uzunluğundakı işarəsiz sərhəddə çox yüksək döyüş hazırlığını qoruyub saxlayıb. Müdafiə naziri Rajnath Singh parlamentdə bir hadisə barədə danışıb. Onun sözlərindən aydın olur ki, əsgərlər özlərini ancaq fiziki güclə ölçüblər. Buna baxmayaraq, hər iki tərəfdən yaralılar olub. "Parlamentin bu palatasını əmin etmək istərdim ki, qoşunlarımız ərazi bütövlüyümüzü müdafiə etməyə borcludur və ona hər hansı qəsd cəhdinin qarşısını almağa davam edəcək", - nazir vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının dosenti Sergey Veliçkin qeyd edib: “2020-ci ildə may və iyun aylarında Aksaiçin bölgəsində toqquşmalar olub. Onların böyük nəticələri oldu. 45 ildə ilk dəfə itkilər oldu. Hindlilər onlara məlumat verdi, çinlilər itki verdiklərini təsdiq etmədilər. Daha sonra yenidən toqquşmalar baş verib. Burada nəzərə almaq lazımdır ki, hər iki tərəf öz hərbi kontingentini gücləndirib, magistral yollar çəkib, döyüş təyyarələri üçün meydançalar tikib. Lakin çinlilər hətta armaturların daşınmasını asanlaşdırmaq üçün dəmir yolu da çəkdilər. Hindistanlıların bununla bağlı elə də böyük maliyyə imkanları yoxdur. Üstəlik, orduya ayrılan xərclər parlamentdən keçməlidir və buna görə də ictimailəşməlidir. Ona görə də son iki ildə baş verənlərdə təəccüblü heç nə yoxdur. Axı hər tərəfin öz siyasəti var - öz torpağının bir qarışını da verməmək. Eyni zamanda hamı bilir ki, Hindistan-Çin münaqişəsini alovlandırmaqda maraqlı olan xarici qüvvələr var”.

Sinqapurdakı Nanyang Texniki Universitetinin baş analitiki Nishant Rajeev də deyir ki, Hindistan və Çin sərhədlərini ciddi şəkildə hərbiləşdiriblər və güzəştə getməyə hazır deyillər. Üstəlik, hər iki dövlət nüvə silahına malik olduğundan, eskalasiya riskləri artırır. Digər tərəfdən, Çin və Hindistan komandirləri dəfələrlə görüşdülər, bu da qoşunların məhdud çıxarılmasına və bufer zonaların yaradılmasına səbəb oldu. Amma əsl ayrılıq yox idi. Üstəlik, Çin təhdidinə cavab olaraq Hindistan quru qüvvələrinin bir hissəsini Pakistanla sərhəddən Himalaydakı Nəzarət Xəttinə köçürməyə başladı. Beləliklə, sərhəddə hər iki ölkənin hissələrinin daha çox olmasını proqnozlaşdırmaq olar.

Lakin soyuq müharibədən sonra Hindistan-Çin münasibətləri istiləşdi. İki dövlətin liderləri bir-birinə səfər ediblər. Ticarət çiçəkləndi. Lakin 2020-ci il hadisələri bu tendensiyanı kəsdi. Hindistan dəstək üçün daha çox ABŞ-a müraciət etməyə başladı. Dehli və Vaşinqton arasında yüksək texnologiyalar və silah istehsalı sahəsində tərəfdaşlıq haqqında saziş bağlanıb. ABŞ və Hindistan orduları müntəzəm olaraq birgə təlimlər keçirməyə başladılar. Və bu, təbii olaraq, Çinin ABŞ-ın Hindistan-Çin münasibətlərini gərginləşdirməyə çalışması ilə bağlı şübhələrini artırdı, Sinqapurdan olan ekspert qeyd edir.

Bu arada South China Morning Post xatırladır ki, dənizlərdə Hindistan-Çin ziddiyyətləri də artmaqdadır. 2024-cü il ərəfəsində Şri-Lanka Dehliyə Çin tədqiqat gəmilərinin limanlarında və xüsusi iqtisadi zonada yanaşmasını qadağan etdiyini bildirdi. Bu, Hindistanın baş naziri Narendra Modinin daha əvvəl Şri-Lanka prezidenti Ranil Vikramasinqheni Hindistanın təhlükəsizlik narahatlıqlarına hörmətlə yanaşmağa çağırması ilə baş verir. Məsələ burasındadır ki, Çinin “Şi Yan 6” tədqiqat gəmisi Şri-Lanka ilə birgə Hind okeanında tədqiqat aparıb. Dehli hesab edir ki, bu tədqiqatlar kəşfiyyat xarakteri daşıyır. Beləliklə, hindli ekspertlər Hindistanın Çinə qalib gəldiyini bildirirlər. Ancaq bu uğur müvəqqətidir, çünki qadağa cəmi bir il davam edəcək.

"Hazırda İranda dövlət idarəçiliyi sarsıntı içərisindədir. Belə sarsıntı içərisində ikən Pakistanla yaxşı münasibətlər qurmaq yerinə, atdıqları addım son dərəcə yanlışdır". Bu sözləri İranın Pakistanı raket atəşinə tutması barədə danışan Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki (korgeneral) Ərdoğan Karakuş deyib. General-polkovnik İranı düşünülməmiş addımlar atmaqdan çəkinməyə çağırıb: “İranın daxilində çoxlu problemləri var. Xüsusilə Bəlucistanda İranı sıxışdırırlar. Yeri gəldi-gəlmədi məsələnin kökünü Pakistanda axtarırlar. Məncə, İran belə düşünülməmiş addımlar atmaqdan çəkinməlidir. Çünki vəziyyət gərginləşsə, Pakistan İran ordusunu silib-süpürər. Yəni Pakistan hərbi baxımdan qat-qat güclüdür, ancaq Hindistanla yaşanan problemlərə görə tələskənlik etmək istəmir. Fikrimcə, belə gərgin geosiyasi vəziyyətdə Türkiyə, Azərbaycan, Pakistan və İran bir-birinə kömək etməlidir”.

Karakuş istisna etməyib ki, hadisə SEPAH-ın içərisində İran-Pakistan yaxınlaşmasını istəməyən qüvvələr tərəfindən təşkil oluna bilər: “SEPAH-ın içərisində İran və Pakistan arasında vəziyyətin gərginləşməsini istəyən qüvvələrin də durumdan istifadə etməsi mümkündür. Yaxın keçmişdə də bunun nümunələri var. Türkiyə Cümhuriyyəti müstəqilliyini qazanandan sonra ingilislər yaxınlaşmanın qarşısını almaq üçün İranda türk sülaləsi olan Qacarları devirdilər və yerinə Pəhləviləri gətirdilər. İndi bu versiyanı da diqqətdən kənarda saxlamaq olmaz. Bölgədə öz planlarını həyata keçirmək istəyən qüvvələr heç vaxt müsəlman ölkələrinin birliyini istəməz. Bunu unutmamalıyıq”.

Maraqlıdır, son 3 gündə İran 3 müsəlman ölkəsinə üst-üstə 24 raket zərbələri endirib. Bütün bəhanələri də "terrorçular" olub. Baş verənlərdən çıxış edərək belə deyə bilərik ki, bu gün Qərblə Şərqin, xristian dünyası ilə müsəlmanların savaşı, ölüm-dirim mübarizəsi gedir. "Terrorçu" bəhanəsinin heç yeri deyil. Görünür, İranın məqsədləri ilə Qərbin maraqları haradasa üst-üstə düşür. Yoxsa, İranın Pakistana raket və pilotsuz təyyarələrlə zərbələr endirməsini necə izah etmək olar?

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə