"Lənkəran və Neftçalaya edilən səfər biznesə dost dövlət idarəetməsinin nümunəsidir" - MİLLƏT VƏKİLİ BİLDİRDİ
“Məlumdur ki, ötən dövrdə regionlarla müqayisədə paytaxt daha sürətlə inkişaf etmiş və bu fərqin aradan qaldırılması üçün inkişaf səviyyəsinin uyğunlaşdırılması zəruri hədəfə çevrilmişdir”. Bu barədə SİA-ya açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.
B.Məhərrəmov bildirib ki, ötən 30 illik perioda diqqət etsək, aydın müşahidə edə bilərik ki, bu məqsədlə regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılması üçün ardıcıl tədbirlər görülməkdədir: “Xüsusən, cənab Prezident hesab edir ki, regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır. Bu mənada, cənab İlham Əliyevin mütəmadi olaraq bölgələrə səfəri ilk növbədə məhz bu məqsədə xidmət edir. Ümumiyyətlə, məlumdur ki, Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsi yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsində ehtiva olunur. Azərbaycanda dövlətin sosial siyasətinin fəlsəfəsinin təməlində isə cəmiyyətin ayrılmaz hissəsi olan bütün təbəqələrin dövlət qayğısı ilə əhatələnməsi dayanır. Möhtərəm Prezidentin Lənkəran və Neftçalaya səfərləri ilk növbədə bir daha göstərdi ki, sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərimizə müvafiq olaraq milli sosial rifah səviyyəsinin davamlı artmasında qətiyyətliyik. Xüsusən Qarabağ və Şərqi Zəngəzurda işğalın nəticələrinin aradan qaldırılmasına, bu bölgələrə Böyük Qayıdışın təmininə xüsusi diqqətin ayrıldığı bir vaxtda, cənab Prezidentin Lənkəranda qənnadı məhsullarının istehsalı müəssisəsi və Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanışlıq özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi modelinin müstəsna nümunəsidir”.
Millət vəkilinin sözlərinə görə, dövlət başçısı şəxsi diqqəti ilə bir daha nümunə ortaya qoydu ki, xüsusən regionlarda iqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl sektorun əməkdaşlığı gücləndirilməlidir: “Xüsusən yaradılan münbit şərait hesabına biznesin inkişafı, dövlətin məqsədli siyasəti nəticəsində xarici bazarlara yerli məhsulların çıxışının asanlaşdırılması, ticarət rejimlərinin daha da liberallaşdırılması regionlarda iqtisadi yüksəlişin təməl amilləri kimi çıxış etməkdədir. Məhz bu kursla, Lənkəran və Neftçalanın timsalında regionların sosial-iqtisadi inkişafına dövlət başçısının diqqəti nəinki ölkə miqyasında, bütövlükdə Azərbaycanın Cənubi Qafqazın iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB