Baş nazir kimi bəyanat verən BUQƏLƏMUN - TƏHLİL

Baş nazir kimi bəyanat verən BUQƏLƏMUN - TƏHLİL

İrəvanın Bakını Ermənistana qarşı təcavüzkar planlarda, özü də əsassız olaraq ittiham etmək niyyəti davamlı olaraq özünü göstərməkdədir. Ölkə rəhbərimizin dediklərinin mahiyyətinə varmadan, dediklərini dərk etməyə cəhd belə göstərmədən ittihamlarla çıxış etmək ermənilərin köhnə adəti, məlum olan xislətidir. Amma bu dəfə həmin xislətin daha qabarıq şəkildə ortaya çıxması təsdiq edir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi Ermənistan cəmiyyətində və siyasi dairələrində böyük rezonans doğurub və bu, heç də səbəbsiz deyil.

Sülh təşəbbüsünü dəstəkləyəcəyi, həmin təşəbbüsün reallaşmasına doğru qətiyyətli addımlar atacağı və sülhə nail olunacağı təqdirdə təhlükəsizliyinin təmin ediləcəyini erməni cəmiyyəti çoxdan başa düşməli idi. Amma həmin cəmiyyətin nəyi isə başa düşməsi üçün öz içlərindən olanlar tərəfindən bir növ, nə vaxt, nə də imkan verilmir və mütəmadi olaraq, süni şəkildə qorxu yaradılır. Görünür, hansısa çirkin niyyətləri reallaşdırmaq üçün vəziyyəti maksimum dərəcədə gərginləşdirməyə çalışanlar var. Məsələn, separatçıların keçmiş hərbi rəhbərlərindən biri, dırnaqarası “keçilməz” müdafiə səddinin müəllifi Seyran Ohanyan məhz elə vəziyyəti gərginləşdirməyə çalışanlardandır. Onun özünün elə yeni müharibəyə hazırlıq çağırışı təsdiq edir ki, Ohanyan kimiləri bilərəkdən öz ölkələrində rezonans yaratmaq niyyətindədirlər və buna nail ola da bilirlər.

İşğalçı ölkənin baş naziri Nikol Paşinyanın özünün də fikirləri, bəyanatları erməni cəmiyyətini hər dəfə çaş-baş salır. Həmin ölkənin vətəndaşları hələ də başa düşə bilmirlər ki, baş nazirləri sülh niyyətindədir, yoxsa aranı qızışdıranlara alət olmağı özünə rəva bilir. Məsələn, “Mülki müqavilə” fraksiyasının üzvləri ilə görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müsahibəsi və ümumilikdə Ermənistan-Azərbaycan nizamlanması kontekstində öz şərhini verən baş nazir Nikol Paşinyan yenə də qeyri-müəyyən mövqe sərgiləməklə, özünü, tez-tez rəngini dəyişən sürünən, buqələmun kimi aparıb. “Silahlara nəzarət sazişi imzalayaq ki, Ermənistan və Azərbaycan silahlarla bağlı konkret razılaşmalar əldə etsin və bir-birlərinə nəzarət etmək imkanı əldə etsin”, - deyən erməni baş nazir elə bil ki, ya danıışdığını bilmir, ya da hədsiz dərəcədə hiyləgər addım atır. Çox güman ki, elə eyni ilə düşdüyü mühitə uyğunlaşaraq dərisinin rəngini dəyişən canlı kimi, buqələmun kimi sifət dəyişikliyi edir.

“Ermənistan bilməlidir ki, nə qədər silah alsa da, nə qədər dəstəklənsə də, bizə qarşı hər hansı təhlükə mənbəyi dərhal məhv ediləcək. Bunu gizlətmirəm ki, sabah heç kim gözlənilməz bir şeyin baş verdiyini deməsin. Qoy hamı eşitsin ki, əgər biz bu fransız zibilini, “Bastion” adlı bu qutuları deyil, özümüz üçün real təhlükə aşkar etsək, dərhal onları məhv etmək üçün qabaqlayıcı tədbirlər görəcəyik”, deyə yerli telekanallara müsahibəsi zamanı Azərbaycan Prezidentinin bəyanatı İrəvanın qəbul edə biləcəyi istənilən fundamental revanşist ideyalara bir mesaj, bir məntiqi xəbərdarlıqdır. Amma Nikol Paşinyan öz fikirləri ilə, bəyanatı ilə ölkə rəhbərimizin fikirlərini başqa bir yönə yozmaq niyyəti güdür. Guya dərk etmir ki, Azərbaycan Prezidenti Ermənistanın böyük ehtimalla silahlanacağını qabaqcadan görərək xəbərdarlıq edir və bunu etməməyin daha doğru olduğunu bildirir. Hətta Nikol çox yaxşı başa düşür, çox yaxşı dərk edir ki, “Sərhədlərimizə yönəlmiş istənilən ciddi silah məhv ediləcək”, - deyə bəyan edən ölkə rəhbərimiz nəyi nəzərdə tutur və hansı mesajlar verir. Amma Vovayeviç öz xislətinə uyğun şəkildə, dəyişkən formada indi də tamamilə başqa ampulada çıxış edir və bəyanatından da görünür ki, nəinki dərisinin rəngini, sifətini belə dəyişmək onun üçün adi haldır.

Paşinyanın silahlara nəzarət təklifi olduqca gülünc səslənir. Bu təklifi hansı ağılla verdiyi də təəccüb doğurur. Amma bir hiyləgərlik etməsi də mümkündür. Məsələn, Nikol bu bəyanatı ilə guya eyni dərəcədə gücə malik iki tərəfin danışıq apardığı görüntüsü də yaratmaq niyyətini “xəyal” edə bilər. Bəli, təbii ki, xəyal edə bilər, çünki bunu heç özü də təsəvvürünə gətirə bilmir. Lakin, bu şəkildə fikir səsləndirməklə, daxili auditoruyaya hesablanmış bəyanat verdiyini zənn edir. Halbuki, erməni cəmiyyəti çox yaxşı başa düşür ki, Ermənistan deyilən bir ölkə Azərbaycanla qətiyyən müqaisə edilə bilməz və həmin ölkə bizim ölkəmizdən dəfələrlə zəifdir. Öz bəyanatında müəyyən şərtlər irəli sürərək razılaşmaya guya can atdığını göstərən erməni baş nazir həm bir sülhpərvərlik görüntüsü yaratmaq niyyəti güdür. Sülh təşəbbüsü ilə bağlı demək olar ki, heç bir ciddi əməli addımlar atmayan biri yenə də quru söz yığını ilə özü üçün bir təbliğat, təşviqat aparmaq istəyib və bunun üçün bir bəyanatla çox ucuz yola əl atıb. Küçə nümayişlərindən istifadə edərək, hakimiyyəti ələ keçirməyi bacaran beli çantalı birisi indi də həm özünü müdafiə qabiliyyətli göstərməklə, daxili auditoriyanı çaşdırmağa, sakitləşdirməyə, həm də sülhsevər göstərməklə, dünya ictimaiyyətini aldatmağa çalışır. Dərhal bir neçə rəngi və formanı almaq üçün əlindən gələni edir və hansısa mənada bunu bacarır da...Eyni ilə buqələmun kimi...

Nikol Paşinyan ilk növbədə, Zəngəzur dəhlizinə nəzarəti təmin etmək üçün Üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən Rusiya qarşısında götürdüyü öhdəliyi rədd etməyə çalışır. Ümumiyyətlə, erməni baş nazir özünü elə aparır ki, guya sözügedən bəyanatla bağlı həqiqətən onun dedikləri doğrudur. Əslində isə, heç də belə deyil. İstənilən kəs, istənilən zaman həmin bəyənatı oxuduğu zaman şahidi olur ki, Nikol həyasızcasına yalan danışır və dondan-dona girir. Hərdən adama elə gəlir ki, erməni baş nazir bu vaxta qədər həmin bəyanatı heç bir dəfə də oxumayıb, amma bu fikir dərhal kənara atılır, çünki qətiyyən belə bir hal mümkün deyil. İstənilən halda razılaşmaya imza atan ölkə rəhbəri həmin razılaşmanı nəinki özü, hakimiyyət komandasında təmsil olunanlar belə nöqtə və vergülünə qədər incələyirlər. Elə isə Paşinyan özünü niyə belə axmaqlığa qoyub və dəhlizlə bağlı heç bir müddəanın olmadığını iddia etməkdə davam edir? Sözüz ki, dəfələrlə öz fikirlərinin, bəyanatlarının əksinə ifadələr səsləndirən, öz fikirlərini elə özü də təkzib edən biri üçün bu hal qəbuledilən sayılır və xislətinə uyğun şəkildə, bir buqələmun kimi növbəti şəkildəyişməsi də başadüşüləndir.

Doğrudur, Vovayeviç vaxtaşırı öz fikirlərini, öz ifadələrini dəyişə bilər və buna artıq nəinki biz, ümumiyyətlə, dünya ictimaiyyəti də bir növ alışqandır. Gah Qarabağın Azərbaycan ərazisi olduğunu tribunalardan söyləyən, gah həmin əraziləri Ermənistan kimi göstərmək üçün əldən-ayaqdan gedən, gah da yenidən Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, qəbul etdiyini bəyan edən biri üçün şəkildəyişmə və söz dəyişmə, adi hal, ənənə halını almış kimi görünür. Yenə də öz fikirlərini, son bəyanatını da təkzib edəcəyinə zərrə qədər şübhə ola bilməz və təsadüfi deyil ki, bu gün səsləndirdiklərinin əksini sabah dilə gətirdiyi tədirdə kimsənin təəccübünə belə səbəb olmur. Yəni, ən qısa zaman keçdikdən sonra Zəngəzur dəhlizi ilə bağlı indi dediklərinin əksini Nikol Paşinyanın söyləyə biləcəyi tamamilə gözləniləndir. İstənilən halda erməni baş nazir sülh danışıqlarının məhz ən çox Ermənistana, elə həm də onun özünə lazım olduğunu yaxşı başa düşür. Ona görə də bu gün hansısa manipulyasiyalar etməsinə, nəyi isə təkzib etməsinə baxmayaraq, son həddə istənilən şəkildə razılığa gəlmək məcburiyyətində olduğunu hamıdan yaxşı bilir. Bəli, hələlik Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı fikir ayrılıqları ola bilər, amma sonda fərqli bir mənzərənin ortaya çıxacağı heç kimi təəccübləndirməz. Çünki düşdüyü şəraitə, mühitə görə buqələmun dəyişikliyi məhz erməni baş nazirinin hamıya bəlli olan “məharətidir”...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə