"Xalq olaraq dünyanın bütün dinlərinə hörmətlə yanaşırıq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Xalq olaraq dünyanın bütün dinlərinə hörmətlə yanaşırıq" - MÜNASİBƏT BİLDİRİLDİ

"ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatı açıqlayıb. Əslində ABŞ Azərbaycanda din-dövlət münasibətləri və Azərbaycanda yaşayan insanların dinləri ilə bağlı müsbət rəy yazsaydı, əksəriyyətimiz təəccüblənərdik". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan dövlət müstəqilliyini bərpa edən gündən -1991-ci ilin 18 oktyabrından bu günə qədər ABŞ Azərbaycanın heç bir işini müsbət dəyərləndirməyib: "Hətta 1992-ci ildə Ermənistan Naxçıvanı blokadada saxladığı vaxtda da bunu hamı görürdü, eşidirdi, yazırdı. Amerika Azərbaycanı günahkar çıxardı, Azərbaycana qarşı 907-ci düzəlişi tətbiq etdi. Amerika Azərbaycanla bağlı yalnız bir məsələdə - Amerikanın maraqlarını təmin etdiyinə görə 2001-ci ildə Əfqanıstanla müharibə apararkən Azərbaycanın hava məkanından istifadə etdiyi üçün bir az səmimi göründü. Amma 30 illik müharibədə Azərbaycanın dini, tarixi abidələri, məktəb, bağçaları, yaşayış binaları, tikililəri məhv edilərkən bir dəfə olsun etiraz səsini çıxarmadı. Ermənistana məsləhət verib tövsiyə etdimi? Qətiyyən yox. Bütün dünya bilir, Azərbaycan tolerant yuddur. Bilmək başqa, etiraf etmək başqa şeydir. Azərbaycan xalqı tolerant xalqdır. Azərbaycanda yaşayanların heç biri öz ölkələrində bu qədər rahat deyil, desəm, mübaliğə olmaz. Rus, ukraynalı, yəhudi, tatar, gürcü, bütün xalqların dinlərinə, dini abidələrinə olan hörmət, ehtiram, münasibəti dünyanın heç bir ölkəsində görə bilməzlər".

Deputat sözlərinə davam edərək deyib: "Bakı Azərbaycanın paytaxtıdır. Burada sinaqoq, provaslav, katolik, erməni kilsələri yerləşir. Burada yaşayan millətlərin dini azadlıqları ilə bağlı heç bir problem olmayıb. Ancaq ABŞ - ermənilərin gözü ilə əsassız iddialar edir. O erməni ki, dünyada insanlıq payı yoxdur, türk diplomatlarına qarşı Amerikada terror aktları törətdilər. Amerika Dövlət Departamentindən, dövlətindən ədalət ummaq sadəlövhlükdür. Bu nəhəng dövlət heç bir zaman müsəlman ölkələrinə, Azərbaycana qarşı münasibətdə ədalətli olmayıb. Türkiyə Cümhuriyyəti ilə münasibətdə bunlar müşahidə olunur. Vaxtı ilə zəif Türkiyə dövləti var idi, Amerikaya xoş gəlirdi. Bu gün müstəqil siyasət yeridən Türkiyə var, Amerika az qalıb özündə çıxa ki, necə ola bilər?".

Deputat sözlərinə əlavə edərək deyib: "Azərbaycan da müstəqil siyasəti ilə xüsusilə 44 günlük Vətən müharibəsi, 2023-cü ilin bir günlük antiterror əməliyyatı ilə erməni seperatçı qüvvələrini darmadağın etdi. Amerikanın gözünə yuxu getmədi ki, bu necə oldu? Amerika bilir, dilinə gətirmir ki, Qarabağ Azərbaycanın tarixi torpağıdır. Belədirsə, Azərbaycan öz tarixi ərzisində antiterror əməliyyatı keçirdisə, bunun Amerikaya nə aidiyyatı var? Ona görə hesabat qərəzlidir, Azərbaycana, Azərbaycan xalqına qarşıdır, təbii ki, Azərbaycan ziyalısı olaraq bu hesabatı rədd edirəm, qərəzli sayıram.

Azərbaycan öz yolu ilə gedir. Bu yol quruculuq yoludur, ədalətli, Azərbaycan xalqının qəbul etdiyi yoldur. O yolda heç bir xalqa yuxarıdan aşağı baxmaq, heç bir xalqın dininə qarşı kobudluq yoxdur. Xalq olaraq dünyanın bütün dinlərinə hörmətlə yanaşırıq, o cümlədən Azərbaycanda yaşayan xalqlara münasibətimiz də ədalətli münasibətdir. Bu, bizim mədəniyyətimizdən, adət-ənənəmizdən, müqəddəs Qurani-Kərimdən irəli gəlir. Amerikanın hesabatları, Fransanın qərəzli mövqeyi, bunların heç biri Azərbaycanın haqq işinə təsir edə bilməz".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə